NATO və İordaniya Yaxın Şərqdə alyansın ilk diplomatik nümayəndəliyinin açılmasına dair saziş imzalayıb. Xəbəri XQ “Anadolu”ya istinadən yayıb.
NATO-dan verilən yazılı açıqlamaya görə, İordaniyanın paytaxtı Əmmanda NATO Əlaqə Bürosu (NLO) yaradılmasına dair ikitərəfli müqaviləni NATO Baş Katibinin Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və İordaniyanın NATO-dakı missiyasının rəhbəri səfir Yusef Batayne imzalayıb.
Alyansın Yaxın Şərqdəki ilk diplomatik nümayəndəliyinin açılması qərarı 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammitində elan edilib.
Bu addım NATO-ya üzv ölkələrin alyansın cənub qonşuluğu ilə bağlı siyasətini gücləndirmək və regionda iştirakını artırmaq istəyini nümayiş etdirir.
Müqavilə imzalandıqdan sonra ofisin yaxın vaxtlarda açılışı gözlənilir.
P.ƏMİRCANOV
XQ