İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) “Ali Gənclər Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ICYF-in 20 illik fəaliyyətini yüksək qiymətləndirərək, əhatə etdiyi sahələrin istər hüquqi, istərsə də bəşəri dəyərlər baxımdan əhəmiyyətini vurğulayıb.
İslam dünyasının çətin dövrdən keçdiyini bildirən Türkiyə Prezidenti sivilizasiyamızın səmalarını müharibə, qarşıdurma və sabitsizlik buludlarının bürüdüyünü deyib. Bölgədə baş verən qarşıdurmaları xatırladan Rəcəb Tayyib Ərdoğan ölkəsinin sülh yolunda atılacaq hər addıma hazır olduğunu, bütün fikir ayrılıqlarının yeganə həllinin diplomatiya və danışıqlardan keçdiyini bir daha xatırladıb.
Mərasimdə gənclərin inkişafına göstərdiyi sədaqət və müstəsna töhfələrinə görə Türkiyə Prezidentinə ICYF-in “Ali Gənclər Mükafatı” təqdim edilib.
Tədbirdə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirləri iştirak ediblər.