Türkiyə Prezidenti: Zəngəzur dəhlizi regionun bütün ölkələrinə fayda gətirəcək

post-img

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyənin deyil, bütün region dövlətlərinin xeyrinə olacaq. Biz bu marşrutu çox mühüm geoiqtisadi təşəbbüs kimi qəbul edirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.

Türkiyə liderinin sözlərinə görə, Zəngəzur dəhlizi ölkələri bir-birinə daha da yaxınlaşdıracaq və beynəlxalq ticarət üçün yeni təkan olacaq. “Əsas ümidimiz Zəngəzur dəhlizini nifaq mənbəyinə deyil, harmoniya rəmzinə çevirməkdir”, -deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında dəhlizin açılmasını “regionun tərəqqisi naminə əməkdaşlığın qələbəsi” adlandırıb.

“Ürəkdən inanıram ki, region ölkələri bu məsələni razılaşma yolu ilə həll edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük əhəmiyyət verir və çalışır ki, bu marşrut təkcə Azərbaycana deyil, yaxın gələcəkdə bütün regiona xeyir gətirsin. İnanıram ki, biz birlikdə bu problemi həll edəcəyik”, -deyə Ərdoğan qeyd edib.

Daha sonra Türkiyə lideri Kipr mövzusuna münasibət bildirib.

Prezident vurğulayıb ki, Kiprdə fikir ayrılıqlarının həllinin açarı iki dövlət modelidir və “bu məsələdə heç bir güzəşt ola bilməz”. Dövlət başçısı qeyd edib ki, Türkiyədən Kiprin yunan icmasına yüksəksəviyyəli səfərlər müzakirə olunmur. “Yunan tərəfi Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımadığı kimi, biz də Cənubi Kipri dövlət hesab etmirik”, - deyə siyasətçi bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, heç kimin Kiprdəki türk ordusunu “işğalçı” adlandırmağa haqqı yoxdur. O əlavə edib: “Türkiyə oğulları Kiprdə sülhü müdafiə edir. Ankaranın Kiprlə bağlı mövqeyi aydın şəkildə müəyyən edilib: biz Kipr türklərinin suverenliyi, bərabərliyi və təhlükəsizlik təminatlarına məhəl qoymayan heç bir prosesdə iştirak etməyəcəyik”.

Qonşu Suriyada gedən proseslərə toxunan Türkiyə lideri rəsmi Dəməşqin ölkənin birliyini və bütövlüyünü müdafiə etmək mövqeyini alqışlayıb.

O deyib: “Ankara Suriyanın parçalanmasının əleyhinədir. Suriya iqtisadiyyatının bərpası ölkəmizin maraqlarına uyğundur. Biz Türkiyənin cənub sərhədlərində vəziyyətin normallaşmasının tərəfdarıyıq”.

Türkiyə dövlətinin başçısı əmin edib ki, Ankara suriyalı qaçqınların öz vətənlərinə könüllü qayıtması prosesinə dəstək vermək üçün addımlar atmağa davam edəcək.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya