ABŞ və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri hazırlayır

post-img

ABŞ və NATO-nun hərbi planlaşdırıcıları müharibədən sonrakı mərhələdə Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi üzrə mümkün ssenarilər üzərində işləyirlər. Bu barədə Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Prosesi sürətləndirən amil ABŞ prezidenti Donald Trampın Kiyevə gələcək sülh sazişi çərçivəsində yardım edəcəyi barədə verdiyi vəd olub. İddialara görə, əsas variantlardan biri Avropa ölkələrinin hərbi kontingentlərinin Ukraynaya göndərilməsidir. Qüvvələr milli bayraqları altında çıxış etsələr də, ümumi komandanlıq ABŞ tərəfindən həyata keçirilə bilər. Bununla belə, Vaşinqton öz qoşunlarını Ukraynaya yerləşdirməyi planlaşdırmır.

Tramp bu mövqeyi Fox News-a müsahibəsində də təsdiqləyib: “Avropalılar təhlükəsizlik üçün qüvvə göndərməyə hazırdırlar. Biz isə onlara müxtəlif sahələrdə, xüsusilə də havadan dəstək verəcəyik, çünki heç kimin malik olmadığı imkanlar bizdə var”.

Mənbələrin bildirdiyinə görə, ABŞ Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri təqdim edə və ya qırıcıları vasitəsilə Ukrayna üzərində məhdud uçuş zonasını təmin edə bilər.

Çərşənbə günü NATO-nun ali hərbi rəhbərliyinin virtual iclası keçiriləcək. Görüşdə Ukrayna üzrə növbəti addımlar və Trampın Alyaskada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri müzakirə olunacaq.

Kiyev və Qərb ölkələri Vaşinqtonun Moskvanın şərtlərinə uyğun sazişi sürətləndirməsindən ehtiyatlanır. Avropalı rəsmilər isə bildirirlər ki, təhlükəsizlik zəmanətləri kifayət qədər güclü olmalı və Kremlin mümkün yeni aqressiyasının qarşısını almalıdır.

UNIAN xəbər verir ki, təhlükəsizlik paketinin yekun variantı bu həftə hazırlanacaq. Avqustun 19-da Avropa rəsmilərinin keçirdiyi görüşdə Britaniya və Fransa hərbçilərinin Ukraynaya göndərilməsi planı, onların sayı və yerləşmə yerləri müzakirə olunub. Mənbələrə görə, təxminən 10 ölkə sülh sazişi çərçivəsində öz hərbi kontingentini Ukraynaya yollamağa hazırdır.

S.ELAY

XQ

Dünya