BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Əl-Nəşif bazar ertəsi günü xəbərdarlıq edib ki, qlobal yardımın kəskin azalması onilliklər boyu davam edən insan hüquqlarına və inkişaf tərəqqisinə xələl gətirir.
XQ BMT-nin məlumatına istinadla xəbər verir ki, Cenevrədə keçirilən konfransda çıxış edən Əl-Nəşif dünyanın insan hüquqlarına və çoxtərəfliliyə hörmətin azalması ilə üzləşdiyini, münaqişələrin, borcların və azalan inkişaf yardımının çətinliklə qazanılan nailiyyətləri geri qaytarmaq təhlükəsi yaratdığını bildirib.
Onun sözlərinə görə, 38 üzvdən ibarət iqtisadi əməkdaşlıq təşkilatı olan OECD gələn il yardımın 9-17 faiz, ən az inkişaf etmiş ölkələr blokunda isə 25 faizə qədər azalacağını proqnozlaşdırır, hərbi xərclərin isə rekord həddə çatdığını bildirir. “Təhlillər göstərir ki, yoxsulluğun azaldılması prosesi dayanıb və Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) tam şəkildə yerinə yetirmək mümkün olmayacaq. Dünya Bankı son dekadanı “inkişaf üçün itirilmiş onillik” adlandırıb”.
BMT-nin İnkişaf Hüququ Bəyannaməsindən təxminən 40 il sonra xanım Əl-Nəşif hökumətləri sözdən əmələ keçməyə və BMT Baş Assambleyasının 80-ci sessiyasında irəli sürülən “Sevilya öhdəliyi” və yenilənmiş qlobal həmrəylik kimi təşəbbüslər vasitəsilə geriləmənin qarşısını almağa çağırıb.

