Tramp Qrenlandiyanı milli təhlükəsizlik üçün vacib hesab edir

post-img

ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ABŞ Qrenlandiyaya öz resurslarına nəzarət etmək üçün deyil, “milli təhlükəsizlik” üçün ehtiyac duyur. Məlumatı “Anadolu” yayıb. 

Ağ Ev rəhbəri deyib ki, məhz buna görə də ABŞ bu sahədə xüsusi nümayəndə təyin edib. Luiziana qubernatoru Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin olunması ilə bağlı suala cavab olaraq ABŞ Prezidenti qeyd edib ki, bu təyinat ABŞ-ın bu adaya verdiyi müstəsna əhəmiyyəti əyani şəkildə nümayiş etdirir.

“Bizə Qrenlandiya mineral sərvətləri üçün deyil, maliyyə təhlükəsizliyi üçün lazımdır. Bizə Qrenlandiya milli təhlükəsizlik üçün lazımdır. Qrenlandiyaya baxsanız, sahil xəttinə başdan-ayağa diqqətlə baxsanız, hər yerdə Rusiya və Çin gəmilərini görəcəksiniz. Bizə məhz milli təhlükəsizlik üçün lazımdır. Biz ona sahib olmalıyıq. Qrenlandiya son dərəcə vacibdir”, - deyə ABŞ lideri əmin edib.

Tramp vurğulayıb ki, Lendri son dərəcə əlverişli sövdələşmələr apara bilən görkəmli bir şəxsdir. Buna görə də Qrenlandiya ilə bağlı məsələlərdə ona tam etibar edir.

P.ƏMİRCANOV
XQ

 

Dünya