BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə vəziyyəti müzakirə edib

post-img

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə Xüsusi koordinatorunun müavini Ramiz Ələkbərov çərşənbə günü videobağlantı vasitəsilə BMT Təhlükəsizlik Şurasında çıxış edərək Qəzzadakı mövcud vəziyyəti “Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edib.

AZƏRTAC xəbər verir ki, Ələkbərov Qəzzada münaqişəyə son qoyulması üzrə ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət Kompleks Planının ikinci mərhələsinin başlanmasını və Sülh Şurasının yardımçı strukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə Milli Komitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılmasını sektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addım adlandırıb.

“Qəzza üçün potensial dönüş nöqtəsi yaranıb, daha yaxşı gələcək üçün real imkan mövcuddur. Lakin hələ də qeyri-müəyyənlik çoxdur”, – deyə o bildirib.

Xüsusi koordinatorun müavini bildirib ki, bu yaxınlarda Qahirədən qayıdıb və orada Qəzzanın idarə olunması üzrə Milli Komitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə, humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığa BMT-nin necə dəstək göstərə biləcəyini müzakirə edib.

“Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrə ağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır”, – deyə Ələkbərov bildirib.

O, vurğulayıb ki, Qəzzanın demilitarizasiyası və etibarlı təhlükəsizlik mexanizmləri Milli Komitənin fəaliyyəti üçün əsas şərtlərdir.

Qəzzadakı humanitar vəziyyəti şərh edən BMT-nin yüksək vəzifəli nümayəndəsi qeyd edib ki, əhalinin demək olar ki, hamısı hələ də yardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvat yaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkünün vəziyyətini daha da ağırlaşdırıb.

O, bildirib ki, təhlükəsizlik şəraitinin qeyri-sabitliyi, yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrində gecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitar təşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərə bilmirlər.

Ələkbərov, həmçinin qeyd edib ki, qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalar davam edir. Sektorda mülki şəxslər həlak olur.

“Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi həlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir. Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsiz gələcəyin əsaslarını qoymaq üçün real imkandır”, – deyə xüsusi koordinatorun müavini vurğulayıb.

 

 

Dünya