Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə universitetin Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbələr üçün təcrübə mübadiləsi çərçivəsində qarşılıqlı dərs keçirilib.
Universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışinski dərsin əvvəlində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, belə dərslərin tələbələrin praktiki biliklərini artırmasına imkan yaratdığını qeyd edib.
Sonra Siyasi və ictimai elmlər kafedrasının baş müəllimi Aybəniz Quliyeva və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri, UNEC-in müəllimi Günel Səfərəliyeva “Dövlət vəsaitlərinin səmərəli və təyinatlı xərclənməsi, davamlı inkişaf və yaşıl idarəetmə” mövzusunda tələbələrə mühazirə oxuyublar. Mühazirə zamanı davamlı inkişafın əsas prinsipləri və dövlətin bu sahədəki rolu, dövlət və özəl sektora aid vəsaitlərin idarə olunması, səmərəli və təyinatlı xərclər anlayışı, yaşıl idarəetmə həlləri, idarəetmədə müasir yanaşmalar (monitorinq, rəqəmsallaşma və şəffaflıq) barədə geniş məlumat verilib.
Eyni zamanda, tələbələrə mövzu ilə əlaqədar beynəlxalq və yerli təcrübələrdən konkret nümunələr təqdim olunub. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə fikir mübadiləsi aparılıb.
Rizvan FİKRƏTOĞLU
XQ