İsa Rüstəmov çempionatdan 3 medalla qayıdıb
Azərbaycan ağırlıqqaldırma komandası idmansevərləri daha bir uğurla sevindirib. Avropanın ən güclü atletlərinin mübarizə apardığı qitə çempionatında yığmamızın üzvü İsa Rüstəmov gümüş medal alıb. Atletimiz birdən qaldırma hərəkətində 138 kiloqram nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kiloqram ağırlığı başı üzərinə qaldıran İsa fəxri kürsünün birinci pilləsinə yüksəlib. Toplamda 308 kiloqram nəticəyə imza atan idmançımız yekun sıralamada 2-ci olub və 2 hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
Qitə çempionatında gümüş medal qazanmış atletimiz dünən Vətənə qayıdıb. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “Xalq qəzeti”nə açıqlamasında 23 yaşadək idmançıların Avropa birinciliyində qalib olmuş İsa Rüstəmovun böyüklərin yarışında da ümidləri doğrultduğunu bildirdi:
– İsa Rüstəmov 73 kiloqram çəki dərəcəsində Gürcüstanda keçirilmiş “Kakhi Cup” turnirində fəxri kürsünün birinci pilləsinə qalxmışdı. Bu dəfə 67 kiloqram çəki dərəcəsində Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Peşəkar idmanda 3 aya 6 kiloqram çəki azaltmaq və uğur qazanmaq çox böyük zəhmət tələb edir. Təbii ki, bu düzgün qurulmuş işin nəticəsidir.
Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Son 2 Avropa çempionatında 2 müxtəlif yerli idmançı ilə medal qazandıq. Yaxın keçmişə baxsaq, bu, ilk belə tendensiyadır. Bu gün Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi atletlərin hazırlığının yüksək səviyyədə olması üçün lazım olan bütün şəraiti yaradıb. İdmançıların inkişaf dinamikası daim nəzarətdə saxlanılır. Məşqçilər korpusuna müvafiq tapşırıqlar verilir. Atletlər arasında perspektiv vəd edən idmançılar az deyil. Nəticələr daim təhlil olunur. Məqsəd ölkəmizi layiqincə təmsil edən idmançılar yetişdirməkdir.
Qurum rəsmisi onu da qeyd etdi ki, federasiya yarışlarda qazanılan uğurlarla yanaşı, beynəlxalq əlaqələrin qurulması istiqamətində də fəaliyyətini davam etdirir:
– Əsas məqsəd odur ki, ağırlıqqaldırma idman növü ölkəmizdə kütləviləşsin. Bununla belə keyfiyyət hər zaman kəmiyyətdən daha vacibdir. Avropa çempionatına İsa Rüstəmov yollandı və Vətənə 3 medalla qayıtdı.
Firdovsi Umudov zədə səbəbindən reabilitasiya dövrü keçən Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yanaşı, digər idmançılarımızın gələn il start götürəcək lisenziya xarakterli yarışlara hazırlaşdıqlarını bildirdi:
– İstəyirik ki, onlar ən vacib yarışlara qədər formalarının pik nöqtəsində olsunlar. Bizim üçün əsas olan nizam-intizam qaydalarına riayət və sağlam rəqabət mühitidir. Hansı idmançıların hazırlıq səviyyəsi yüksəkdirsə onlar da ölkəmizi təmsil etmək şansı qazanacaqlar.
İsa Rüstəmov qitə çempionatından Vətənə medalla qayıtdığı üçün sevincinin həddi-hüdudu olmadığını bildirdi:
– Yarışda bir qədər həyəcanlı idim. Üzərimə düşən məsuliyyəti başa düşürdüm. Əsas məqsəd Vətənə medalla qayıtmaq idi. Turnirdə rəqabət yüksək idi. Qətənin ən güclülərinin yarışında medal qazandığım üçün çox sevinirəm. Düşünürəm ki, bu bir başlanğıcdır. Qarşıda digər mühüm yarışlar var. Arzum nüfuzlu beynəlxalq yarışlarda qələbə qazanıb, bayrağımızı yüksəklərdə dalğalandırmaqdır.
İ.Rüstəmov əldə etdiyi nailiyyətlərə görə federasiya rəhbərliyinə və məşqçilərə minnətdar olduğunu dedi:
– Federasiya rəhbərliyi və məşqçilərin sayəsində yarışa yaxşı hazırlaşmışdıq. Uğurların əldə edilməsində əməyi keçən hər kəsə minnətdaram. Vətənə medalla qayıtdığım üçün qürur hissi keçirirəm.
Leyla QURBANOVA
XQ