Köhnə azarkeşlər diqqətinizə çatdırdığımız fotodakı oyun epizoduna 1982-ci il mayın 8-də şahidlik etmişlər. Həmin gün Respublika stadionunda 45-ci SSRİ çempionatı görüşündə “Neftçi” Moskvanın “Spartak” komandasını qəbul etmiş və qollarla zəngin oyunda futboldan çox xokkeydə təsadüf olunan hesabla qələbə qazanmışdır – 4:3.
Fotoda komandaların kapitanları bakılı hücumçu İsgəndər Cavadovla moskvalı müdafiəçi Oleq Romantsevin top uğrunda kəskin mübarizəsini görürük. Onda hər iki kapitan öz komandasının əsl lideri kimi ölkə futbol dairələrində geniş nüfuz sahibi idi. Görəsən, həmin epizodda kapitanların top “davasından” kim qalib ayrılıb?
Qollarımızın müəlliflərini də xatırlayaq. Əvvəldən axıradək qarşılıqlı hücumlar şəraitində davam edən oyunda “Neftçi”dən iki qolun müəllifi görüşün qəhrəmanı Səmədağa Şıxlarov olmuş, daha iki topu isə Şakir Qəribovla Vladimir Mixaylevski vurmuşlar.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist