Formula 1 yarışları Azərbaycan üçün təkcə sürət festivalı deyil, həm də ölkəmizin dünyaya açılan idman vitrini, qlobal arenada gücünü və nüfuzunu göstərən möhtəşəm tədbirdir. Bakı küçə trası illərdir dünyanın ən tanınmış pilotlarını və minlərlə azarkeşi bir araya gətirərək paytaxtımızı beynəlxalq idman mərkəzinə çevirib. Bu yarış yalnız mühəndisliyin və sürətin zirvəsini nümayiş etdirmir, eyni zamanda Azərbaycanın qonaqpərvərliyini, mədəniyyətini və inkişafını bütün dünyaya tanıdır. Hər il keçirilən Azərbaycan Qran Prisi həm turizmə, həm iqtisadiyyata töhfə verir, həm də ölkəmizi idman xəritəsində ön sıralarda saxlayır.
Bu həftəsonu baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 artıq dünyanın diqqət mərkəzindədir. Mövsümün 17-ci mərhələsi olan yarış öncəsi pilotlar və komandalar Bakı Şəhər Halqasında hazırlıqlara start veriblər. Dünyanın ən məşhur sürücüləri – Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və digərləri artıq Paddock ərazisindədir.
Paddock komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların bir araya gəldiyi əsas mərkəzdir. Burada bolidlərin sazlanması, strategiyaların müəyyənləşdirilməsi və media ilə görüşlər həyata keçirilir. Əslində, Paddock yarışın görünməyən ürəyidir. Azərbaycan Qran Prisi çərçivəsində tamaşaçılar üçün xüsusi Champions Club biletlərinə Paddock turları da daxildir ki, bu da həvəskarların yarışın kulisində baş verənləri canlı izləməsinə imkan yaradır.
Pilotların hazırlığı ilə yanaşı, Bakı artıq yarış ab-havasına bürünüb. Tribunalar və Fan Zonalar sürətlə yekunlaşdırılır, komandalar isə ən kiçik detallar üzərində işləyirlər. Yarış öncəsi keçirilən mətbuat konfransında sürücülər Bakı trasının uzun düzlükləri, kəskin döngələri və ötüşmə imkanları ilə unikallığını vurğuladılar. McLaren pilotu Oskar Piastri isə komanda strategiyalarının vacibliyini qeyd edərək bütün güvənini komandasına yönəltdiyini bildirdi.
Lakin bu möhtəşəm hadisənin arxa planında daha bir qəhrəman komanda var – Formula 1 marşalları. Onların işi olmadan nə pilotların, nə də tamaşaçıların təhlükəsizliyi təmin edilə bilər. Bu il 1 500-ə yaxın marşal yarışda iştirak edir. Onlar səhər saatlarından etibarən Atletlər kəndindən tras ərazisinə yollanaraq öz postlarında hazırlıq məşqləri keçiriblər.
Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın, bayraq, trek və digər dəstək komandaları. Hər bir qrupun xüsusi vəzifəsi olsa da hamısını birləşdirən əsas məqsəd yarışın təhlükəsiz və problemsiz keçirilməsidir. Əksəriyyəti könüllülük əsasında çalışan bu şəxslər motorsporta olan böyük sevgilərini əməli fədakarlıqla nümayiş etdirirlər. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətlərdə mübarizə apara bilir, azarkeşlər isə Bakı küçələrində dünyanın ən sürətli maşınlarının yarışını həyəcanla izləyirlər.
19-21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ölkəmizi yenidən dünya mediasının gündəminə daşıyacaq. Bakı bir daha sübut edəcək ki, həm sürət, həm də təhlükəsizlik baxımından möhtəşəm yarışlara ev sahibliyi edə bilir.
Səbuhi MƏMMƏDOV
XQ