Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatının finalına yüksəlib

post-img

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

XQ xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib.

Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kiloqram) ilk mərhələni maneəsiz keçib. Albaniyalı Andi Muka xalçaya çıxmayıb. Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finalda isə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmir yarımfinalda isə iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb. Əliyev sabah finalda rusiyalı Alibek Amirovla güləşəcək.

Fəraim Mustafayev (67 kiloqram) hindistanlı Nişant Nişant (8:3) və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4) məğlub olub.

Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tam üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala yüksəldiyi üçün Nurullayev sabah təsəlliverici görüşə çıxacaq. Təmsilçimiz Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Əli Quliyev (97 kiloqram) təsnifat mərhələsində rusiyalı Maksim Averinə (UWW) uduzub – 1:5.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

İdman