Cari ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin 7 ayında xarici ticarət dövriyyəsi 26 milyard 333 milyon dollar, o cümlədən ixracın dəyəri 16 milyard 777 milyon dollar, idxalın dəyəri 9 milyard 557 milyon dollar təşkil edib, nəticədə 7 milyard 220 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, idxal isə real ifadədə 8 faiz artıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 92,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, İsrail, Hindistan, İspaniya, Çexiya, Türkmənistan, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, Xorvatiya, Birləşmiş Krallıq, ABŞ, İran, Vyetnam, Yaponiya, Qazaxıstan, Koreya və Bolqarıstan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
XQ

