Asiya İnkişaf Bankı COP29-a dəstəyini genişləndirir

post-img

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən 57-ci illik sessiyasında müzakirə edilən məsələlər sırasında “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusu xüsusi diqqət çəkib. Avropa ilə Asiya arasında hər iki istiqamətdə ticarət üçün alternativ olan Orta Dəhlizin (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) iqtisadi artıma və regional inteqrasiyaya təkan vermək potensialına həsr edlən toplantıda adıçəkilən marşrutun üzv və tərəfdaş ölkələr arasında əlaqələrin inkişafında, ticarət dövriyyəsinin həcminin artmasında mühüm rol oynadığı vurğulanıb, regionda bu istiqamətdə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyəti yüksək dəyərləndirilib. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin əhəmiyyəti daha çox vurğulanıb. 

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov çıxış edərək Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən, eyni zamanda,  ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Orta Dəhlizin ölkəmizin gündəliyində yer alan əsas nəqliyyat dəhlizi olduğunu bildirib. Nazir nitqində Azərbaycanın özünün nəqliyyat infrastrukturunu təkmilləşdirməklə, yol şəbəkələri, limanlar, dəmir yolları və hava nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə böyük həcmli sərmayələr yatırmaqla Orta Dəhlizlə bağlı öhdəliyinə sabit və qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.  S.Şərifov daha sonra Xəzər dənizində ən böyük logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qars dəmir yolıunun  istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının modernləşdirilməsi, həmçinin avtomagistralların çəkilməsini diqqətə çatdırıb.  

Maliyyə naziri bu dəhlizin şaxələndirilməsinə və illik ötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək Zəngəzur dəhlizindən də bəhs edib. S.Şərifov hazırda respublikamızın  nəqliyyat-tranzit gündəliyində yer alan həmin əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası və oradan da Türkiyənin Qars bölgəsini birləşdirən nəqliyyat kommunikasiyalarının yaradılması olduğunu bildirib və Zəngəzur dəhlizinin Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Sessiyada qeyd edilib ki, Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına böyük töhfə verəcək. Belə bir marşrut bağlantısının həyata keçirilməsi, eyni zamanda, dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini daha sabit edəcək. Sözügedən dəhliz, həmçinin regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasını şərtləndirəcək. 

Yeri gəlmişkən, toplantıda AİB-nin Azərbaycanla sıx əməkdaşlıq etdiyi də vurğulanıb. Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün ölkəmizin bir sıra beynəlxalq maliyyə qurumları, eləcə də AİB   ilə birgə səmərəli fəaliyyəti diqqətə çatdırılıb. Bu layihənin Azərbaycan və Gürcüstanın enerji istehsalı potensialının artırılmasını da əhatə edəcəyi xatırladılıb.  

AİB-nin Rəhbərlər Şurasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sessiyasında maliyyə naziri Samir Şərifov çıxışında Azərbaycanın COP29-a evsahibliyi etməkdən qürur duyduğunu da bildirib və əlavə edərək deyib: “Bununla Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizəyə öz töhfəsini ortaya qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir. Eyni zamanda, iqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur”. 

Bax, elə buna görə də iqlim dəyişikliyinin mənfi fəsadlarını aradan qaldırmaq üçün beynəlxalq aləmdə qlobal maliyyələşdirmə haqqında dərindən düşünülür  və Bakıda keçiriləcək konfransda bu məsələnin həllinə böyük ümid bəslənilir. Azərbaycan hökuməti tərəfindən hazırda respublikamızda da bu ehtiyatların gerçəkləşdirilməsi üsul və mexanizmləri müzakirə edilir.

Xatırladaq ki, sessiyada bu gün iqlim dəyişikliyi ilə mübarizənin və özəl sektora dəstək təşəbbüslərinin AİB üçün prioritet istiqamət kimi seçildiyi bildirilib. Bu  maliyyə qurumunun iqlim dəyişikliyi məsələləri üzrə baş müşaviri Uorren Evans ötən il iyulun 1-dən etibarən bankın yenidən strukturlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə səmərəliliyi nail artırmaq məqsədilə yeni bir əməliyyat modelinə keçilməsinin də məhz bununla bağlı olduğunu deyib. Onun sözlərinə görə, ötən il bank iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində pik həddə çatıb.

U.Evans çıxışında təmiz enerjiyə keçidin, ilk növbədə, yaxşı biznes olduğunu da qeyd edib: “Reallıq budur ki, qalıq yanacaqlar gələcəkdə əlçatmaz olacaq. Bununla belə, bərpaolunan enerji mənbələri, xüsusən də günəş enerjisi hazırda qalıq yanacaqlardan əldə edilən elektrik enerjisindən daha ucuzdur. Beləliklə, “yaşıl enerji”yə keçid hər kəs üçün faydalıdır və yaxşı biznesdir”.

Müşavirin sözlərinə görə, bütün bunlar ona gətirib çıxara bilər ki, atmosferə atılan istixana qazlarının azaldılması ilə yanaşı, havanın çirklənməsi ilə bağlı problemlər də azalar və təhlükəsizlik artar. Yanacaq idxalı reallaşdıran hər bir  ölkə bərpaolunan enerji mənbələrinə keçərək enerji təhlükəsizliyini artırar. 

Hazırda zəngin “yaşıl enerji” mənbələrinə malik dövlətlərdə daha ucuz olan elektrikli nəqliyyat vasitələrinə keçilir. Belə şəraitdə həmin ölkələrdə  benzin idxalı tədricən azalır və bu hal sərfəli sayılır. Şübhəsiz ki, son illər bankın fəaliyyətində investisiyaların əsasən, “yaşıl enerji”nin inkişafına yönəldilməsi də məhz bununla bağlıdır.  

Yeri gəlmişkən, AİB Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı hər zaman önəmli addımlar  atıb. Eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətini yüksək dəyərləndirib. Bununla bərabər, AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.   

AİB  hazırda ölkəmizin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrinə böyük maraq göstərir, bu istiqamətdə respublikamızın aidiyyəti dövlət qurumları ilə müzakirələr  aparır. 

Adıçəkilən bankın respublikamızla əməkdaşlığından bəhs edərkən onu da bildirək ki, son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Dövlət başçısının  2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada  investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi də gerçəkləşdirilib.  

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələşdirən 67 üzv ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat