Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda elektron ticarət sahəsi üçün də yeni imkanlar vəd olunur, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və kağızsız elektron ticarətin inkişafı prioritet istiqamətlərdən biri kimi göstərilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı 2017-ci ildən etibarən Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu istiqamətdə əldə olunan uğurlar sırasında Çinin “Alibaba” platforması xüsusi yer tutur. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport” ilə “Alibaba” platforması arasında 7 ildən artıq davam edən əməkdaşlıq tarixçəsi mövcuddur. Onun sözlərinə görə, əməkdaşlığın ilk mərhələsində bu platformada cəmi 3 yerli şirkətin, təxminən, 10 adda məhsulu təmsil olunurdusa, “Azexport” portalının fəaliyyəti nəticəsində isə bu rəqəmlər sürətlə artdı. Hazırda “Alibaba” Azərbaycan məhsullarına dair ixrac sifarişləri və sorğularının sayına görə lider platformalardan birinə çevrildiyini diqqətə çatdıran A.Qədəşov deyib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan məhsullarının yalnız Çin bazarına deyil, həmçinin digər Asiya ölkələrinə, Okeaniya və Körfəz regionuna çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Portal rəhbərinin dediyinə görə, “Alibaba” platforması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətinin artırılması və yeni bazarlara çıxışının təmin olunması baxımından müasir və strateji əhəmiyyətə malik rəqəmsal resursdur. Eyni zamanda, elektron ticarət sahəsində əməkdaşlığın hər iki ölkə tərəfindən ali səviyyədə tanınması və dəstəklənməsi bu sahədə daha geniş imkanlardan istifadə olunmasına şərait yaradır.
A.Qədəşov hesab edir ki, bundan sonra Çinin rəqəmsal ticarət ekosisteminə dərin inteqrasiya, rəqəmsal texnologiyalar sahəsində təcrübə mübadiləsi, dünyanın iqtisadi nəhəngini təmsil edən şirkətlərin Azərbaycanda elektron ticarət və logistika sahəsinə investisiya yatırması, ölkəmizdə birgə istehsal və ixrac imkanlarının yaradılması kimi istiqamətlərdə əməkdaşlıq daha da artacaq. Eyni zamanda, Azərbaycanın qlobal ticarət yolları üzərində yerləşməsi və beynəlxalq səviyyədə artan iqtisadi nüfuzu Çinin aparıcı elektron ticarət şirkətlərinin ölkəmizdə fəaliyyətlərini genişləndirməsi üçün əlverişli mühit formalaşdırır. Bu isə öz növbəsində “Made in Azerbaijan” brendinin tanıdılması və qeyrineft sektorunun ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.
Qeyd edək ki, “Azexport.az” portalı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il sentyabrın 21-də imzaladığı sərəncam əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. Hazırda sahibkarların öz yerli məhsullarını 150-yə yaxın ölkədə fasiləsiz tanıtmaq imkanı var.
Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir. Azexport.az ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir.
“Azexport”un “Amazon.com”, “Alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan 15-dən artıq portala inteqrasiya olunması Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artırır, onların satış əhatəsini genişləndirir.