“Abşeron” yatağının tammiqyaslı işlənilməsi mərhələsi üzrə bu il ərzində yekun investisiya qərarının qəbul olunmasına hazır olmaq məqsədilə layihə tərəfdaşları ilə əsas podratçı tərəflər arasında yatağın işlənməsinin ikinci fazası üçün ilkin layihələndirmə işlərinin icrasına dair razılaşma əldə olunub. Cari ilin əvvəlindən isə layihələndirmə işlərinə başlanılıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, 2025-ci ilin sonunda ilkin layihələndirmə mərhələsinin tamamlanması və yekun investisiya qərarının verilməsi gözlənilir. Qurumun məlumatına görə, tərəfdaşlarla aparılan ilkin kommersiya müzakirələrinə əsasən, “Abşeron” yatağından hasil olunacaq qaz Azərbaycanda daxili bazarın ehtiyaclarının ödənilməsi üçün alınmaqla yanaşı, dünya bazarına da ixrac ediləcək.
“SOCAR-ın beynəlxalq tərəfdaşlarla birgə layihənin işlənməsini həyata keçirməsi və ilk qaza nail olunması, qlobal enerji bazarına müsbət təsir etməklə yanaşı, eyni zamanda, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatçısı qismində mövqeyinin möhkəmlənməsində böyük rol oynayacaq”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 kilometr cənub-şərqdə yerləşən Abşeron qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində hasil edilib. İlkin hesablamalara əsasən, yataqda, təxminən, 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatı var.