Vahid Kommunal İnformasiya Sistemi yaradılır

post-img

“Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov “Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumda respublikada Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində işlərə başlanıldığını bildirib.

Onun sözlərinə görə, kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılmasına dair Yol Xəritəsi var. Yol Xəritəsindəki 18 bənddən 12-sinin “Azərişıq” tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur. “Azərişıq” ASC-nin qarşısına isə Vahid İnformasiya Sisteminin yaradılmasına dair strukturun formalaşdırılması, dünya təcrübəsinin öyrənilməsi və bu sistemin bazasının yaradılması ilə bağlı tapşırıqlar qoyulur.

R.Yusifov qeyd edib ki, hazırda qurum beynəlxalq təcrübənin öyrənilməsi, konsepsiyanın hazırlanması ilə bağlı layihələr gerçəkləşdirir. “Azərişıq”, eyni zamanda, infrastruktur layihələri ilə yanaşı, sahibkarlara göstərilən xidmətlər istiqamətində də genişmiqyaslı işlər görür. Qurum elektron xidmətləri təşviq edərək vətəndaşlara, xüsusilə də sahibkarlara öz yerlərini, ofislərini tərk etmədən şəbəkəyə qoşulmağı və yaxud daha sürətli xidmətlərin göstərilməsini təqdim edir.

Onun sözlərinə görə, “Azərişıq” sahibkarların maarifləndirilməsi və yaranan sualların cavablandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə regionlarda hər ay müntəzəm olaraq fəaliyyət göstərir və onların suallarını cavablandırır.

İqtisadiyyat