Orta Dəhliz enerji sahəsində inteqrasiyanı sürətləndirir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində panel müzakirədə Azərbaycanın özünü təkcə regional enerji istehsalçısı kimi deyil, həm də enerji və qeyri-enerji məhsullarının artan tranzit qovşağı kimi təqdim etdiyini bildirib. Nazir, eyni zamanda, Orta Dəhlizin genişlənən rolundan danışaraq respublikamızın regional tranzitə verdiyi töhfəni vurğulayıb: “Azərbaycan bu gün təkcə istehsalçı deyil, həm də tranzit qovşağı kimi çıxış edir”, – deyə o qeyd edib.

M.Cabbarov əlavə edib ki, bu, Azərbaycanın tərəfdaşlıq və regional əməkdaşlığın genişləndirilməsi üzrə çoxillik strategiyasını əks etdirir. Söhbət habların yaradılmasından gedir və bu, hər kəsə fayda verir. Azərbaycan qonşuları və tərəfdaşları ilə birlikdə Şərqlə əlaqələrin inkişafını davam etdirmək üçün səy göstərir. Bu kontekstdə ənənəvi olaraq qeyri-enerji məhsulları ilə assosiasiya olunan Orta Dəhliz, əslində, əhəmiyyətli enerji komponentinə malikdir və bu komponentin daha da genişlənəcəyi gözlənilir.

İqtisadiyyat naziri ticarət axınlarının coğrafiyasındakı dəyişikliklərə də toxunub: “Fikrimcə, bu, artıq Orta Dəhlizin müxtəlif qollarıdır. Bu marşrut yalnız Şərq-Qərb və ya Şimal-Cənub istiqamətinə yönəlməyib. Biz getdikcə daha çox Şərqdən Cənuba və ya digər istiqamətlərə hərəkət edən axınları müşahidə edirik. Statistik göstəricilər son 3 ildə ən yüksək ticarət dövriyyəsi artımının Mərkəzi Asiya ilə olduğunu təsdiqləyir. Bütün proqnozlar göstərir ki, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması təkcə tranzitin artımına deyil, həm də regional iqtisadi fəallığın inkişafına səbəb olacaq”.

M.Cabbarov əlavə edib ki, Azərbaycan tranzit cəlbediciliyinin artırılmasına böyük diqqət yetirir. Eyni zamanda, sadəcə yükdaşımaları asanlaşdırmır, həm də bu prosesi sənayeləşdirməyi qarşıya mühüm vəzifə kimi qoyur. Buna ən yaxşı nümunə – bütün regiona xidmət göstərə biləcək sənaye mərkəzinin yaradıldığı Ələt Azad İqtisadi Zonasıdır.

 

İqtisadiyyat