I rübdə quruculuğa 3,5 milyard manat investisiya yönləndirilib
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, 2025-ci ilin birinci rübündə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən 3,5 milyard manat həcmində investisiya yönəldilib. Bu göstərici iqtisadi fəallığın və infrastruktur layihələrinin genişləndiyini, ölkə daxilində kapital qoyuluşlarının artmaqda davam etdiyini təsdiqləyir. Hesabat dövründə neft-qaz sektoruna 1,03 milyard manat, qeyri-neft-qaz sektoruna isə 2,4 milyard manat məbləğində sərmayə yatırılıb. Bu göstərici Azərbaycanın enerji sektorundakı mövcud vəziyyəti diqqətə çatdırmaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımları, qeyri-neft sektoruna artan maraqları, həm dövlət siyasətinin prioritetlərinin, həm də xarici və yerli investorların diversifikasiya meyillərini nümayiş etdirir.
Müəssisə və təşkilatların öz vəsaitləri hesabına əsas kapitala yönəltdiyi investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 2,1 milyard manata çatıb. Bu isə göstərir ki, sahibkarlığın maliyyə imkanları getdikcə genişlənir və özəl sektor iqtisadi inkişafa töhfə verən əsas oyunçulardan biri kimi çıxış edir.
Ümumi sərmayənin 52,3 faizindən məhsul istehsalı, 28 faizindən xidmət sahələrinin inkişafı, 19,7 faizindən isə yaşayış evlərinin tikintisi üçün istifadə olunub. Bu bölgü infrastrukturun və sosial təminatın balanslı inkişafını təmin etməyə yönəlmiş strateji yanaşmanın tərkib hissəsidir. Bu dövrdə investisiyaların 43,1 faizi dövlət sektoru, 56,9 faizi isə qeyri-dövlət sektoru tərəfindən reallaşdırılıb. Bu da iqtisadiyyatda özəl təşəbbüslərin payının artdığını və dövlətin iqtisadiyyatda tənzimləyici və stimullaşdırıcı rola üstünlük verdiyini göstərir.
Yatırımların 77,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. Bu göstərici ölkədə infrastrukturun, sənaye və sosial obyektlərin, eləcə də yaşayış komplekslərinin genişmiqyaslı tikintisinin sürətlə həyata keçirildiyini sübut edir. İnvestisiya qoyuluşunun strukturunda sənaye (45,2 faiz) və tikinti (26 faiz) sahələri əsas yer tutur. Sənayenin ön planda olması onun iqtisadi dəyər yaratma potensialını və qeyri-neft sektorunun inkişafındakı rolunu əks etdirir.
I rübdə daxili mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi sərmayənin 72,6 faizini təşkil edib ki, bu da iqtisadiyyatda daxili maliyyə dayanıqlığının yüksəldiyini göstərir. Bununla yanaşı, xarici mənbələrdən yönələn investisiyaların dəyəri də artaraq 0,9 milyard manata (ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çox) çatıb. Xarici sərmayələr ümumi investisiyaların 27,4 faizini təşkil edib.
Xarici kapital qoyuluşlarının 98,7 faizi əsasən Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan kimi ölkələrə məxsusdur. Bu isə Azərbaycanın ənənəvi ticarət tərəfdaşları ilə sıx iqtisadi əməkdaşlıq əlaqələrinin davam etdiyini və ölkənin beynəlxalq maliyyə mərkəzləri üçün etibarlı investisiya məkanı kimi qəbul edildiyini sübut edir.
Azərbaycan son illərdə iqtisadi və institusional islahatlar nəticəsində investorlar üçün daha cəlbedici bir mühit formalaşdırıb. İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəştləri, sərmayədarların hüquqlarının qorunması və logistika infrastrukturunun genişlənməsi bu sahədə əsas üstünlüklərdəndir. Xüsusilə sənaye zonaları və azad iqtisadi zonaların yaradılması (məsələn, Ələt Azad İqtisadi Zonası), yerli və xarici investorlar üçün geniş imkanlar açır.
Qeyri-neft sektorunda, xüsusən kənd təsərrüfatı, alternativ enerji, İKT, turizm, nəqliyyat – logistika və emal sənayesi sahələri yüksək potensiala malikdir. Dövlətin “yaşıl” inkişaf gündəliyi çərçivəsində bərpa olunan enerji layihələrinə (Günəş və külək enerjisi stansiyaları kimi) artan diqqət, bu sahədə iri xarici investisiyaların cəlb olunmasına səbəb olub. Məsələn, BƏƏ və Səudiyyə Ərəbistanından olan enerji şirkətləri bu istiqamətdə iri layihələr həyata keçirməkdədir.
Eyni zamanda, Azərbaycanın geostrateji mövqeyi - Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində yerləşməsi - ölkəni regional logistika və ticarət mərkəzinə çevirmə potensialını artırır. Bu isə tranzit daşımaları, anbarlaşdırma və ticarət xidmətləri sahəsində sərmayələrin artmasına səbəb olur.
Cari ilin I rübündə müşahidə olunan investisiya axınları ölkə iqtisadiyyatının sabitliyini, investorlara təqdim olunan şəffaf mühiti və inkişaf strategiyalarının effektivliyini bir daha təsdiqləyir. İstər daxili, istərsə də xarici investorlar üçün Azərbaycanın təqdim etdiyi imkanlar real iqtisadi dəyər və uzunmüddətli gəlirlilik perspektivləri vəd edir. Bu dinamika ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadi inkişafına təkan verir.
Qeyd edək ki, son illərdə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, biznes mühitinin liberallaşdırılması və xarici investisiyaların cəlbi istiqamətində mühüm addımlar atılıb. Enerji sektorundakı sabit mövqeyini qorumaqla yanaşı, qeyri-neft sahələrinə investisiyaların artırılması da dövlətin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkənin geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları, geniş infrastruktur layihələri və islahat yönümlü iqtisadi siyasəti nəticəsində Azərbaycan regionda cəlbedici investisiya məkanına çevirilib.
İnvestisiya mühitini müəyyənləşdirən əsas amillərə gəldikdə isə qeyd edə bilərik ki, bu məsələdə hüquqi bazanın yaradılması və islahatların həyata keçirilməsi mühüm önəm daşıyıb. Azərbaycan “İnvestisiyaların təşviqi haqqında” qanunvericilik bazasını yenilənməsi, investorların hüquqlarının qorunması, arbitraj mexanizmlərinin təkmilləşdirilməsi və lisenziya-vergi yüklərinin azaldılması istiqamətində mühüm tədbirlər görüb. Əlavə olaraq, “İnvestisiya təşviqi sənədi” alan layihələr 7 il müddətinə vergi güzəştləri əldə edib.
Azərbaycanda əlverişli xarici investisiya mühitindən danışarkən isə bu məsələdə beynəlxalq reytinqlərin ölkəmizin vəziyyəti barədə qiymətləndirmələrinə də diqqət yetirmək istərdik. Məsələn, Doing Business (Dünya Bankı) hesabatına əsasən, Azərbaycan 191 ölkə arasında 34-cü yerdə qərarlaşıb. Bu göstərici “biznesin qeydiyyatı”, “tikintiyə icazə”, “vergi ödəmələri” və “müqavilələrin icrası” kimi sahələrdə irəliləyişləri əks etdirib. Qlobal Rəqabətlilik İndeksində isə ölkəmiz 141 ölkə arasında 58-ci yeri tutub, infrastruktur, makroiqtisadi sabitlik və bazar ölçüsü üzrə yüksək nəticələr göstərib.
Respublikamızda investorlara cəlbedici olan sahələr də artıq müəyyənləşdirilib. Bura bərpa olunan enerji, aqrobiznes, turizm və xidmət sektoru kimi sahələr daxil edilib. Bu fikri konkret ifadə edərək bildirək ki, xüsusilə Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi potensialı yüksək qiymətləndirilib. BP, ACWA Power (Səudiyyə Ərəbistanı) və Masdar (BƏƏ) kimi şirkətlər bu sahəyə daxil olunub. İxracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə investisiyalar üçün də əlverişli imkanlar yaradılıb. Aqroparkların və xüsusi iqtisadi zonaların bu sahəyə marağı gücləndirilib. Nəhayət, turizm və xidmət sektoru üçün Qarabağ bölgəsində “yaşıl” turizm, sağlamlıq və mədəni turizm istiqamətləri üzrə layihələr planlaşdırılıb və icrasına başlanılıb.
Beləliklə, Azərbaycan investisiya mühiti baxımından Cənubi Qafqazın ən sabit və perspektivli ölkələrindən biri hesab olunur. Enerji və nəqliyyat sektorundakı möhkəm baza, islahatlar yönümlü iqtisadi siyasət və strateji coğrafi mövqe ölkəyə sərmayə üçün cəlbedici imkanlar təqdim edir. Lakin uzunmüddətli və sabit investisiya axını üçün hüquqi sistemin təkmilləşdirilməsi, institusional şəffaflıq və insan kapitalının inkişafı kimi sahələrdə əlavə layihələrin reallaşdırılmasına ehtiyac duyulur.