“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. KOBİA-dan bildirilib ki, iclasda KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 213-ə yüksəlib.
“Startap” şəhadətnamələri “Cool Bears” MMC-nin mobil və veb – oyunların tərtibi və istehsalı, “Multi Solutions” MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, “Noteservice” MMC-nin xidmətlər üçün veb – platforma və mobil tətbiq layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini bu şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən qazandıqları gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən (https://smb.gov.az/az/nav/startap-sehadetnamesi) tanış olmaq olar.