Astanadakı Beynəlxalq Türk Akademiyasının mətbuat xidmətinin verdiyi məlumata görə Polşa Elmlər Akademiyasının Krakov şəhər bölməsinin Elmi Arxivində məşhur şərqşünas alim, soydaşımız Sadıq bəy Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərgi keçirilib.
Beynəlxalq tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, Polşa, Azərbaycan, Türkiyə və digər ölkələrdən diplomatik missiyaların nümayəndələri, alimlər, türkoloqlar, şərqşünaslar iştirak ediblər.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev Sadıq bəy Ağabəyzadəni 19-cu əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan ziyalıları nəslinin parlaq nümayəndəsi kimi təqdim edib, cəmiyyətin müasirləşməsində, şərqşünaslığın və maarifçilik hərəkatının inkişafında mühüm rol oynadığı haqqında danışıb, onun elmi-mədəni irsinin türk elmi məkanı ilə Avropanın qarşılıqlı əlaqəsi kontekstində əhəmiyyətini vurğulanıb.
Akademiyanın prezidenti qurumun belə görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsinə və təbliğinə böyük önəm verdiyini, əsərlərinin yenidən nəşri, türk və dünya elminə verdiyi töhfələrin akademik şəkildə dərk edilməsi istiqamətində layihələr həyata keçirdiyini vurğulayıb.
Elmi və mədəni əməkdaşlığın gücləndirilməsi əlaməti olaraq Türk Akademiyasının prezidenti Yagellon Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Sadıq bəy Ağabəyzadənin İlk dəfə 1904-cü ildə Aşqabadda nəşr olunaan “Turkmən ləhcəsi dərsliyi Transxəzər bölgəsi türkmənlərinin atalar sözləri və məsəlləri” toplusunun təkrar nəşrini hədiyyə edib. Müəllifin anadan olmasının 160 illiyi münasibətilə Türk Akademiyası tərəfindən yenidən nəşr edilən kitab türkmən dilinin qrammatikasının ilk sistemli təsviri və türk dilçilik ənənəsinin ən mühüm abidəsidir. Bundan əlavə, Ş. Mustafayev kitabxanaya Türk Akademiyasının hazırladığı digər nəşrləri də hədiyyə edib.
Seminar iştirakçılarının çıxışlarında Sadıq bəy Ağabəyzadənin şərqşünaslığın inkişafındakı sanballı rolu, Azərbaycanın mədəni və elmi həyatına verdiyi töhfələr, eləcə də mühacirətdəki taleyi öz əksini tapıb.
General-mayor Sadıq bəy Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini olub. Mühacirətdən sonra həyatının əhəmiyyətli bir hissəsini Polşada keçirib və buradakı universitetdə şərq dillərindən dərs deyib, Polşanın bir çox görkəmli türkoloqları onun tələbələri olub. Sadıq bəy Ağabəyzadə 1944-cü ildə Lvovda vəfat edib.
Tədbir görkəmli şərqşünas alimin həyat yolunu və elmi irsini ətraflı açan zəngin arxiv materialları və sənədləri təqdim edən "Sadıq bəy (1865-1944). İki xalqın xidmətində" adlı sərgi ilə başa çatıb.
Xatırladırıq ki, Sadıq bəy 1865-ci ildə Göyçayda anadan olub, hərbi təhsil alıb, rus ordusunda general-mayor rütbəsinə qədər yüksəlib. Sadıq bəy Azərbaycan Demokratik Respublikasında daxili işlər nazirinin müavini vəzifəsində fəaliyyət göstərərək Azərbaycanın polis xidmətinin yaradılmasında müstəsna rol oynayıb.
Qulu Kəngərli
Daşkənd