BP-nin Azərbaycan ali təhsilinə rəqəmsal dəstəyi

post-img

BP şirkəti mühəndislik sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universitetində (AzTU) müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib. Bu təşəbbüs şirkətin ölkəmizdə təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

İnnovativ layihənin məqsədi tələbələrin və professor-müəllim heyətinin tədris, öyrənmə və digər akademik materiallara, mənbələrə və resurslara çıxışını, bu resursların idarə olunması və paylaşma üsullarını modernləşdirməklə onlardan istifadəni sürətli və asan etməkdir.

Qeyd edək ki, hazırda AzTU-nun kitabxanasında 500 mindən çox kitab saxlanılır. Bununla yanaşı, universitetdə 20 tədris və multimedia otağı, eləcə də ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir. Yeni rəqəmsal kitabxana bu resursları elektronlaşdırmaqla sürətli və fasiləsiz bilik, məzmun mübadiləsi və birgə işləmək imkanları yaradır. Bununla yanaşı, innovativ layihə geniş rəqəmsal bilik bazasına məsafədən və birbaşa çıxış fürsəti, akademik və tədqiqat materialları üçün təkmilləşdirilmiş axtarış imkanları, həmçinin kontenti paylaşmaq və tədqiqat məlumatlarını saxlamaq üçün birgə istifadə vasitələri kimi funksiyaları təmin edir.

Rəqəmsal kitabxananın açılış mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu layihə Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis və yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir. Qürur duyuruq ki, Azərbaycan Texniki Universitetini daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu rəqəmsal transformasiya yolunda dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış bu addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir. Biz xüsusilə məmnunuq ki, 10 mindən çox tələbəyə və 600 nəfər professor-müəllim heyətinə müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa kömək edirik”.

BP-Azərbaycan şirkətinin məlumatına görə, layihə çərçivəsində universitet əməkdaşları üçün təlim aspekti də nəzərdə tutulub. Onlara kitabxana resurslarını daha səmərəli idarə etmək üçün yeni rəqəmsal metodlar öyrədilib. İcra müddəti 18 ay, ümumi dəyəri isə 408 min (240 min ABŞ dolları) olan bu layihəni BP şirkəti öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq maliyyələşdirib.

 

İqtisadiyyat