İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Pekində keçirilən 3-cü Çin Beynəlxalq Təchizat Zənciri Sərgisində (CISCE) Azərbaycan vahid ölkə stendi ilə iştirak edir.
AZƏRTAC xəbər verir ki, sərgidə iştirakın əsas məqsədi Azərbaycanın əlverişli investisiya mühitinin təşviq edilməsi və Çin şirkətlərini Azərbaycanda istehsalın lokallaşdırılmasına cəlb etməkdən ibarət olub.
CISCE-nin “Ağıllı istehsalat” ekspozisiyasında qurulmuş stenddə ölkəmizin əlverişli biznes mühiti, o cümlədən sənaye parkları və Ələt Azad İqtisadi Zonasında investorlar üçün təqdim olunan imtiyazlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı barədə ətraflı məlumatlar əks olunub.
Sərgi çərçivəsində yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti materialları, yeni materiallar, avadanlıq istehsalı, elektrik avtomobillər, enerji texnologiyaları kimi sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətlə danışıqlar aparılıb və onlara ölkəmizin biznes mühiti haqqında materiallar təqdim olunub.
Qeyd edək ki, CISCE ticarətin, investisiya əməkdaşlığının və mübadilənin təşviqinə, innovasiyaların birləşdirilməsinə xidmət edir. Sərginin ekspozisiya sahəsi qabaqcıl istehsal, təmiz enerji, ağıllı avtomobil, rəqəmsal texnologiya, sağlam həyat və yaşıl kənd təsərrüfatı təchizat zənciləri bölmələrindən ibarətdir. Burada qabaqcıl konsepsiyalar, məhsullar və texnologiyalar, həmçinin maliyyə və sığorta, logistika və distribütorluq, biznes konsaltinq və hüquqi xidmətlər kimi xidmətlər nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin