Dövlət Neft Şirkəti hesabat verir

post-img

II rübdə 1,8 milyon ton neft və 2 milyard kubmetr qaz hasil olunub

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti 17 min 898 metr qazma işləri həyata keçirib. Hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 768 min 875 ton neft və 1 milyard 969 milyon 670 min kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb.

Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,4 faiz artaraq, 12 milyard 692 milyon 215 min kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6 milyon 825 min 722 ton xam neft hasil olunub.

Hesabat dövründə Dövlət Neft Şirkətinin xarici bazarlara ixrac etdiyi neft ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artaraq, təxminən, 4 milyon 157 min 350 ton təşkil edib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neftin Azərbaycana və Dövlət Neft Şirkətinə məxsus mənfəət payları da daxildir.

Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 12 milyon 46 min 352,54 ton həcmində neft ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub. Cari ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiyaya 449 milyon 595,51 min dollar dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min dollar dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Bundan əlavə, ilin birinci yarısında ölkəmizdən Rumıniyaya 378 milyon 39,37 min dollar dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min dollar məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

Bu ilin ikinci rübündə ölkə üzrə təbii qaz ixracı 6 milyard 165 milyon 825 min kubmetr təşkil edib. Hesabat dövründə qaz istehlakı isə 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib. Bu sahədə 6 faiz artım qeydə alınıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı ildən-ilə artır. Artıq Аzərbaycandan “mavi yanacaq” alan ölkələrin sayı 12-yə çatıb. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Növbəti ildən isə Cənub Qaz Dəhlizinin keçdiyi Albaniya da Azərbaycandan qaz almağa hazırlaşır. Bununla yanaşı, yaxın vaxtlarda Ukrayna və Suriyanın hesabına ölkəmizin qaz ixrac etdiyi ölkələrin siyahısı bir qədər də genişləncək. Artıq Türkiyə üzərindən Suriyaya ildə 1 milyard kubmetr təbii qaz ixrac ediləcəyi dəqiqləşib. Ukraynaya gəldikdə isə, bu ölkə Azərbaycandan qaz idxalına bir qədər əvvəl başlayıb. Bu ölkənin “Naftogaz” Şirkətlər Qrupunun məlumatına görə, hazırda Azərbaycan qazının Bolqarıstan – Rumıniya – Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

Qurumun cari ilin ikinci rübünün nəticələri ilə bağlı hesabatında neft və qazın emalı ilə bağlı göstəricilər də əksini tapıb. Qeyd olunub ki, aprel-iyun ayları ərzində Dövlət Neft Şirkəti 1 milyon 544 min 143 ton neft və 766 milyon 399 min 333 kubmetr qaz emal edib. Bu dövrdə şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 569 min 804 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

 

İqtisadiyyat