Bakı Dövlət Universitetində (BDU) İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbaycan-2025”in açılış mərasimi keçirilib. İkigünlük toplantıda 150-dən çox gənc iqlim lideri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ölkəmizin aparıcı ekspertləri iştirak edirlər.
Konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası daxilində fəaliyyət göstərən rəsmi gənclər şəbəkəsi olan YOUNGO-nun təşəbbüsü ilə keçirilir və gənclərin iqlim siyasətində iştirakını təmin etmək, innovativ ideyaların mübadiləsinə şərait yaratmaq və qlobal iqlim gündəminə töhfə vermək üçün əhəmiyyətli platforma rolunu oynayır.
Qeyd edək ki, “LCOY Azerbaijan 2025” iqlim konfransı ölkəmizdə ilk dəfə keçirilir. Bakı Dövlət Universiteti və “SEA BREEZE Resort” ilə tərəfdaşlıq çərçivəsində “CBC – Caspian International Broadcasting Company”nin informasiya dəstəyi ilə keçirilən konfransın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında müşahidəçi statusu olan, dünyanın nüfuzlu ekoloji şəbəkələrinin üzvü və Azərbaycanda “Foundation for Environmental Education” beynəlxalq təşkilatının milli operatoru “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir.
Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İqlim üzrə lideri Nigar Arpadarai, COP29-un Azərbaycandakı gənc iqlim çempionu Leyla Həsənova və “EkoSfera”nın rəhbəri Firuzə Sultan-zadə çıxış ediblər. Bununla yanaşı, gənclər qlobal iqlim hərəkatında iştirak imkanları ilə bağlı müzakirələr aparıblar.
Konfransın ikinci günü “Sea Breeze Resort”da olacaq. Toplantıda Azərbaycan Gənclərinin İqlim üzrə Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub. Bununla yanaşı, konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin, gənclər və idman nazirinin müavini İndira Hacıyevanın, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin və Azərbaycan Respublikasının Su Ehtiyatlarından İstifadə və Mühafizə üzrə Dövlət Xidmətinin rəhbəri Rafiq Aslanovun iştirakçılarla görüşü planlaşdırılıb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə mühüm töhfələr verəcək konfrans çərçivəsində keçiriləcək praktiki sessiyalar iştirakçılara müasir kontekstdə ekoinnovativ həllərlə və dayanıqlı biznes yanaşmaları ilə tanış olmaq imkanı yaradacaq. Bununla yanaşı, tədbir gənclərin iqlim fəaliyyətinə səfərbər olunması, milli və beynəlxalq qərar qəbuletmə proseslərində fəal iştirakı, habelə COP30 üçün hazırlanacaq Qlobal Gənclər Bəyanatının formalaşmasına töhfə verilməsi baxımından mühüm platforma olacaq.
XQ