“AzerGold”un qızıl ixracı 2,4 dəfə artıb

post-img

“AzerGold” QSC bu ilin ilk yarısını 33,177 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 dəfə çoxdur.

Qurumun yarımillik fəaliyyətinə dair hesabatına əsasən, yan­var-iyun aylarında satışdan gəlirlər 116,686 milyon dollar (1 il əv­vələ nisbətən 2,2 dəfə çox), satışın maya dəyəri 62,676 milyon dol­lar (59,2 faiz çox), ümumi və inzibati xərclər 13,956 milyon dollar (38,9 faiz çox), digər gəlirlər 696 min dollar (əvvəlki il xərc olub), faiz gəlirləri 788 milyon dollar (əvvəlki il xərc olub), mənfəət ver­gisi ödəmələri isə 8,362 milyon dollar (52,6 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 537,137 milyon dol­lar təşkil edib ki, bu da illik müqayisədə 17 faiz çoxdur. Hesa­bat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 26,3 faiz azalaraq 103,804 milyon dollar, balans kapitalı isə 36,2 faiz artaraq 433,333 milyon dollar olub.

Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasi­ya Mərkəzinin “İxrac icmalı”nın avqust buraxılışına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycan 178,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisə­də 2,4 dəfə çoxdur. Təkcə iyulda ölkəmizdən ixrac olunan qızılın dəyəri 33,9 milyon dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə artım deməkdir. 

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ildə yaradılıb. Quru­mun nizamnamə kapitalı 36,47 milyon ABŞ dolları təşkil edir. Əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciy­yələnən səhmdar cəmiyyətinin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, mad­di-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, elə­cə də bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

XQ

İqtisadiyyat