İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəsinin Aparatı və AZPROMO-nun birgə təşkilatçılığı ilə ölkəmiz 8–11 sentyabr tarixlərində Fuciən əyalətinin Siamen şəhərində keçiriləcək Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (CIFIT) “Invest in Azerbaijan” vahid ölkə stendi ilə iştirak edəcək.
XQ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ölkəmiz “Invest in Azerbaijan” devizi altında 200 kvadratmetrlik milli stendlə təmsil olunacaq. Stenddə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, əlverişli biznes və investisiya imkanları, həmçinin “Made in Azerbaijan” məhsulları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanın 2-ci dəfə qatıldığı CIFIT Çində investisiya sahəsində keçirilən ən önəmli sərgilərdən hesab olunur. Dünyanın 100-dən çox ölkə və regionundan minlərlə dövlət və biznes nümayəndəsini bir araya gətirən sərgidə hər il təxminən 5 min şirkət və 50 mindən çox sahibkar iştirak edir.
Müşfiq MİRZƏ
XQ