Azərbaycan Türk dünyası üçün münbit investisiya məkanıdır

post-img

İşğaldan azad edilmiş Qarabağı regional və beynəlxalq investorlar yeni iqtisadi fəallığın məkanı kimi dəyərləndirirlər. Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda səslənən fikirlər də göstərdi ki, iş adamları, şirkətlər kapitalın təhlükəsiz, dayanıqlı və uzunmüddətli gəlir gətirən istiqamətlərə yönəldilməsində maraqlıdırlar. Bu baxımdan xarici investorların Qarabağa yatırım qoyması daha çox biznes məntiqi və strateji hesablamalar üzərindən formalaşır.

“Ülke TV”nin baş redaktoru Həsən Öztürk Azərbaycanın, xüsusilə də Qarabağ bölgəsinin investorlar üçün təqdim etdiyi imkanlara diqqət çəkərək, görülən işlərin artıq üst mərhələyə çatdığını bildirdi. Onun sözlərinə görə, Qarabağ üçün nəzərdə tutulan təşviq mexanizmləri Türkiyədən olan investorların bu ərazilərə marağını əhəmiyyətli dərəcədə artıracaq:

– Mən Qarabağda olmuşam və Ağdamdan Füzuliyə, Laçına qədər ərazilərdə aparılan sürətli infrastruktur quruculuğunu yerində müşahidə etmişəm. Burada ciddi yenidənqurma və transformasiya prosesi gedir. Əgər Qarabağda istehsal müəssisələrinin qurulması mövcud ardıcıllığı qoruyarsa yaxın gələcəkdə məhsulların bazarlara çatdırılması ilə bağlı logistika tezliyi sürətlənəcək. Çünki avtomobil yolları artıq tamamlanmaq üzrədir.

Baş redaktor forum çərçivəsində Qarabağa irihəcmli investisiyaların cəlb ediləcəyinə inamının artdığını bildirərək Zəngəzur dəhlizinin strateji rolunu da vurğuladı:

– Çindən çıxan yüklərin müxtəlif marşrutlarla Avropaya daşındığını bilirik. Bu marşrutlar içərisində Zəngəzur üzərindən Türkiyə vasitəsilə Avropaya, hətta Londona qədər uzanan xətt ən vacib nəqliyyat oxlarından biridir. Bu oxun mərkəzində Azərbaycan dayanır. Xəzər keçidi və sonrakı mərhələdə həm Şərqə, həm də Qərbə yönələn hərəkətin mərkəz nöqtəsində yerləşən Azərbaycan strateji mövqeyinə görə Türkiyə ilə oxşar üstünlüklərə malikdir. Bu da investisiyanı cəlbetmə imkanlarını xeyli genişləndirir.

H.Öztürk Ələt Azad İqtisadi Zonasının regional ticarət baxımından əhəmiyyətinə də toxundu:

– Biz bu zonanı Türkiyə mediasında təqdim etmişik. Ələt zonası təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub ticarət marşrutlarının kəsişməsində yerləşən strateji məkandır. Buradan Rusiya, Çin, İran və bir çox istiqamətdə geniş ticarət imkanları formalaşıb. Bu ərazinin artıq əsas ticarət oxlarından biri kimi inşa edildiyini və investorlar üçün müxtəlif təşviqlərin mövcud olduğunu bilirik.

Müsahibimiz sonda dedi ki, Forum Azərbaycan hökumətinin investorlar üçün yaratdığı imkanları daha yaxından tanımaq baxımından mühüm platforma oldu:

– Burada yalnız Türkiyədən deyil, Qafqazdan və Türk dünyasından olan investorlar da iştirak edir. Onların gözləntiləri və tələbləri Azərbaycan tərəfi üçün daha aydın şəkildə ortaya çıxır. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi və tərəfdaş qurum “AZPROMO” bu prosesdə çox mühüm iş görür. Məncə, bu 2 qurumun birgə fəaliyyəti Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə töhfə verir.

Hazırladı:
Nurlan ABDALOV
XQ

İqtisadiyyat