Fəaliyyət Planından gözləntilər nələrdir ?
Rəqəmsal inkişafı sürətləndirmək məqsədilə hazırlanan “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün FƏALİYYƏT PLANI” ölkədə müasir texnologiyaların tətbiqini genişləndirməyi hədəfləyir. Fəaliyyət Planı rəqəmsal transformasiyanın strateji əhəmiyyətini nəzərə alaraq dövlət idarəetməsi, infrastruktur, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrində prioritet tədbirlər müəyyən edir.
Təsadufi deyil ki, hələ 2024-cü ildə “Hökumət buludu” platformasının istifadəsi və “SİMA” biometrik imzanın tətbiqi nəticəsində Azərbaycanın Elektron Hökumət İnkişafı İndeksində uğurlu sıçrayış baş vermişdir. Bununla yanaşı, ölkəmiz Qlobal İnnovasiya İndeksində 94-cü yerdə qərarlaşıb. Bu həm də o deməkdir ki, innovasiya fəaliyyətini genişləndirmək və rəqəmsal sahədəki çatışmazlıqları aradan qaldırmaq vacibdir. Bu çərçivədə Fəaliyyət Planı vahid məlumat bazasının yaradılması, dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində tədbirlərin görülməsini təmin etməyi nəzərdə tutur.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın sədri təyin edilib. Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə imzalanıb.
Rəqəmsallaşma sahəsinin inkişafı və təkmilləşdirilməsi
Bu sahədə əsas məqsəd dövlət idarəetməsində kağızsız hökumətə keçid, məlumat axınının optimallaşdırılması və sistemlərin inteqrasiyasını təmin etməkdir. Plan dövlət resurslarının vahid platformada toplanması və “yalnız bir dəfə” prinsipi ilə idarə edilməsi üzərində qurulub. Əhalinin Reyestri, daşınmaz əmlak, səhiyyə, təhsil və digər vahid reyestrlərin keyfiyyətinin artırılması, məlumatların vahid məlumat hövzəsinə inteqrasiyası. Bu, nazirliklərarası informasiya mübadiləsini sürətləndirəcək və resurslardan səmərəli istifadəyə imkan verəcək.
Dövlət orqanlarının daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və sənəd dövriyyəsinin elektron formada təşkili (“Kağızsız hökumət”), o cümlədən müvafiq portallar və mobil tətbiqlərdən istifadənin genişləndirilməsi. Beləliklə, vətəndaş və biznes subyektləri sənədləri bir dəfə təqdim edəcək, təkrar sənəd tələbləri aradan qaldırılacaq. Bununla yanaşı, Müxtəlif dövlət xidmətlərinin iş axınlarının elektron formada yenidən qurulması, xidmət reqlamentlərinin hazırlanması və müvafiq xidmətlərin “MyGov” və “MyGov Biznes” platformaları vasitəsilə göstərilməsinin təmin edilməsi. Bu addımlar əlçatan xidmətlər yaratmağa xidmət edir. Bu tədbirlər nəticəsində dövlət strukturlarının qarşılıqlı əlaqəsi güclənəcək, bürokratik maneələr azalacaq və büdcə xərcləri optimallaşdırılacaq. Beləliklə, “rəqəmsal keçid” milli inkişafı dəstəkləyərək e-xidmətlərin keyfiyyətini və şəffaflığını artıracaqdır.
İnnovasiya fəaliyyətinin genişləndirilməsi
Planın ikinci əsas istiqaməti innovasiya ekosisteminin inkişafıdır. Məqsəd texnoparklar, startaplar və maliyyə alətləri vasitəsilə ölkədə innovativ məhsul və xidmətlərin sayını artırmaqdır. Vençur kapital fondları, kraudfandinq və “mələk investor” sistemlərinin hüquqi tənzimlənməsi təmin olunarsa dolğun maliyyə axını təmin olunacaqdır. Bu, həm də yerli startaplara investisiya axınını artıracaq. Mərkəzi Bankın rəqəmsal valyuta platforması da maliyyə əməliyyatlarının effektivliyini yüksəltmək üçün tətbiq olunacaq.
Həmçinin, İnnovativ layihələrə ixtisaslı kadrların cəlbini asanlaşdırmaq məqsədilə “Rəqəmsal Səyyah” (digital nomad) və “Rəqəmsal İstedad” vizaları tətbiq ediləcək. Xarici təcrübəli mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya prosedurları sadələşdiriləcək.
Ali təhsil müəssisələri və müəssisələr arasında elmi-tədqiqat əməkdaşlığı gücləndiriləcək, texnoloji layihələrə qrant dəstəyi artırılacaq. Xarici İKT şirkətləri və azərbaycanlı diasporası ölkəyə cəlb olunacaq, startap ekosisteminə sərmayə qoyuluşunu həyata keçirən yeni “Fondlar Fondu” yaradılacaq.
Süni intellekt texnologiyalarının tətbiqi
Süni intellekt (Sİ) sahəsində fəaliyyətin gücləndirilməsi üçün infrastrukturun və insan resurslarının inkişafı nəzərdə tutulur. Məqsəd Sİ-nin bütün sahələrdə (təhsil, səhiyyə, nəqliyyat və s.) tətbiqini genişləndirməkdir. Sİ layihələrinə dövlət investisiyasının stimullaşdırılması üçün vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunacaq. Bununla yanaşı, yüksək hesablama güclərinə malik superkompüter mərkəzlərinin yaradılması nəzərdə tutulur (məsələn, milli GPU əsaslı Mərkəz). Dövlət vəsaiti ilə bu infrastruktur təmin ediləcək, startaplar və tədqiqatçılar üçün istifadəyə kvota ayrılacaq.
Azərbaycan dilində böyük dil modellərinin hazırlanması dəstəklənəcək, təbii dil emalı texnologiyalarından istifadə ilə dövlət xidmətlərində Sİ əsaslı virtual köməkçilər tətbiq ediləcək. Bu, yerli Sİ həllərinin sürətlə yayılmasına imkan verəcək. Həm yerli, həm də xarici ixtisaslı Sİ mütəxəssisləri dövlət və özəl sektora cəlb etmək üçün addımlar atılacaq (məsələn, “Sİ indeksi”nə əsasən sənaye-planlarda hədəflərin müəyyənləşdirilməsi, ali təhsil proqramlarının yenilənməsi). Həmçinin, Sİ-nin etik və təhlükəsizlik aspektləri üzrə normativ bazanın hazırlanması planlaşdırılır.
Kibertəhlükəsizlik əsas şərt kimi
Rəqəmsallaşmanın dərinləşməsi kiberhücum risklərini də artırdığı üçün plan kibertəhlükəsizlik sahəsinə xüsusi önəm verir. Burada əsas vəzifə kritik informasiya infrastrukturunun qorunmasıdır. Ölkə üzrə kiberhücumlara qarşı dayanıqlı müdafiə yaratmaq üçün mərkəzi koordinasiya mərkəzi və vahid kibertəhlükəsizlik platforması qurulacaq. Həmçinin kiberrisklərin idarə edilməsi mexanizmi formalaşdırılacaq. Həmçinin, İnternetdə qanunsuz məzmunun yayılmasını nəzarətə götürmək üçün süni intellekt vasitələrindən istifadə ediləcək.
Əlbəttə ki, bu kimi aktlar mövcud baza olmadan mümkün deyil. Bunun üçün, Kiberhüququn yenilənməsi üçün hüquqi aktlar təkmilləşdiriləcək, kibertəhlükəsizlik siyasətinin əsasları düzgün müəyyən ediləcək. Dövlət orqanlarında kibertəhlükəsizlik üzrə kadrların sertifikatlaşdırılması və təlimi həyata keçirilməsi, əhaliyə kibersavadlıq təhsili verilməsi, ali və peşə təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi üzrə tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması da fəaliyyət planın tərkib hissəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı haqqında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev XQ-yə eksklüziv açıqlamasında bildirdi ki, Fəaliyyət planı Azərbaycanın regionda rəqəmsal və texnoloji inkişaf sahəsində lider mövqeyə yüksəlməsinə imkan yaradır: “11 fevral 2026-cı il tarixində cənab Prezidentin rəhbərliyi ilə keçirilmiş müşavirənin davamı olaraq, Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmişdir. Bu sərəncamın imzalanması bir daha göstərir ki, rəqəmsal inkişaf ölkə üçün prioritet istiqamətlərdən biridir. Fəaliyyət planı çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələri kompleks şəkildə əhatə olunur.
Sənəddə dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, onların həyat hadisələri prinsipi əsasında sadələşdirilmiş formada istifadəçilərə təqdim edilməsi, data əsaslı qərar qəbuletmə mexanizmlərini təmin edən infrastrukturun formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda, dövlət qurumlarında və ümumilikdə cəmiyyət üzrə rəqəmsal savadlılığın artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.
O, qeyd edib ki, innovasiya sahəsində ekosistemin sürətli inkişafı, xarici şirkətlərin və yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsi, süni intellekt üzrə güclü infrastrukturun yaradılması və milli texnoloji həllərin hazırlanması əsas hədəflərdəndir:
“Bütün bunların nəticəsində Azərbaycanın rəqəmsal mühitdə suverenliyinin gücləndirilməsi və təmin olunması məqsəd qoyulub. Eyni zamanda, ölkənin rəqəmsal mühitinin təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik sahəsində zəruri tədbirlərin icrası nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın regionda rəqəmsal və texnoloji inkişaf sahəsində lider mövqeyə yüksəlməsinə imkan verə bilər. Planın əsas məqsədlərindən biri də ölkənin qlobal reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və beynəlxalq indekslərdə daha yüksək pillələrə yüksəlməsidir.
Təhsil sahəsi də sənəddə xüsusi yer tutur. Ali təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqi, tələbələrin müasir texnoloji bacarıqlarla hazırlanması və keyfiyyətli kadr potensialının formalaşdırılması prioritet istiqamətlər sırasındadır”.
Sədr müavini, eyni zamanda, bildirib ki, təhsil sahəsi də sənəddə xüsusi yer tutur” “Ali təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqi, tələbələrin müasir texnoloji bacarıqlarla hazırlanması və keyfiyyətli kadr potensialının formalaşdırılması prioritet istiqamətlər sırasındadır. “mygov” vahid rəqəmsal platforma funksiyasını yerinə yetirəcək. Dövlət xidmətləri – istər vətəndaşlar, istərsə də biznes subyektləri üçün nəzərdə tutulan xidmətlər – vahid arxitektura əsasında məhz bu platforma üzərindən təqdim ediləcək. Xidmətlərin daha sadə, əlçatan və istifadəçi yönümlü formada təşkili əsas məqsədlərdən biridir.
Bundan əlavə, süni intellektin dövlət xidmətlərinə inteqrasiyası nəzərdə tutulur. Vahid arxitektura əsasında həyata keçiriləcək bu prosesə nəzarət müvafiq fərmanla yaradılmış Şura tərəfindən təmin olunacaq. Şuraya rəhbərliyi isə ölkənin Birinci vitse-prezidenti həyata keçirəcək”.
Ümumilikdə, təsdiq edilmiş Fəaliyyət Planı Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirməyə, innovasiya əsaslı inkişaf modelini gücləndirməyə və ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırmağa yönəlib.
Nurlan ABDALOV
XQ
Ekspert rəyi
Fərid KAZIMOV
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü
Azərbaycanda innovasiya istiqamətində kifayət qədər güclü əsaslar mövcuddur. Ümumilikdə, ölkədə idarəçilik sistemində innovativ yanaşmalara ənənəvi olaraq xüsusi diqqət yetirilib. Qlobal təcrübəyə nəzər salsaq, məsələn, “MyGov” platforması və bu platforma vasitəsilə əhaliyə və digər subyektlərə təqdim olunan xidmətlər qabaqcıl təcrübə kimi qiymətləndirilə bilər. Bu modeli şərti olaraq “Rəqəmsal hökumət 2.0” adlandırmaq mümkündür. Burada əsas prinsip vətəndaşyönümlü yanaşmadır.
Bu çərçivədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Xüsusilə innovasiya sahəsinə investisiyaların cəlbi üçün mövcud hüquqi bazada müəyyən boşluqlar aradan qaldırılacaq. İnnovasiya investisiyaları əsasən vençur (riskli) investisiyalar hesab olunur və bu sahə xüsusi tənzimləmə mexanizmi tələb edir. Yeni fəaliyyət planına uyğun olaraq vençur fondlarının yaradılması və bu istiqamətdə qanunvericilik təşəbbüsləri artıq hazırlanıb.
Digər mühüm istiqamət xarici investorların, xaricdə fəaliyyət göstərən şirkətlərin və rəqəmsal köçərilərin (digital nomads) Azərbaycana cəlb edilməsidir. Dünyada bir çox proqramçılar və kiçik rəqəmsal biznes qurucuları vergi və biznes mühiti baxımından əlverişli şərait təklif edən ölkələrə üstünlük verirlər.
Eyni zamanda, fəaliyyat planı çərçivəsində ölkə daxilində startaplara sistemli dəstək mexanizmləri yaradılacaq. Xüsusilə ali təhsil müəssisələrində startap klasterlərinin formalaşdırılması planlaşdırılır. Bu klasterlər çərçivəsində tələbələr və universitet alimləri tərəfindən innovativ layihələrin və startapların yaradılmasına şərait yaradılacaq.
Bu siyasətin nəticəsi olaraq gələcəkdə ölkədə “Unicorn” – yəni bazar dəyəri 1 milyard ABŞ dollarından artıq olan startapların yaranması üçün real zəmin formalaşa bilər. Azərbaycanda Yüksək Texnologiyalar Parkının rezidentləri üçün mövcud vergi güzəştləri və stimullaşdırıcı mexanizmlər də bu prosesə töhfə verir. Hazırda 160-dan artıq şirkət parkın rezidentidir və dövlət tərəfindən müəyyən güzəştlərdən yararlanır. Bu isə onların böyüməsinə və xarici bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Hazırda innovativ məhsulların ixrac həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edir və 30-dan artıq ölkəyə ixrac həyata keçirilir. Mövcud potensial nəzərə alınarsa, yaxın illərdə bu göstəricinin 1 milyard dollara çatması real görünür.
Strategiyada “sandbox” mexanizminin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, B2G (Business to Government) modelində yerli startapların dövlət qurumları üçün həllər təqdim etməsi onların ilkin bazar qazanmasına və sonradan qlobal bazara çıxışına mühüm dəstək olacaq.
Süni intellektin tətbiqi isə artıq seçim deyil, zərurətdir. Müasir rəqəmsal məhsulların rəqabətqabiliyyətli olması üçün süni intellekt elementlərinin inteqrasiyası vacibdir. Əks halda, məhsulun bazar dəyəri və effektivliyi azalır. Yaxın illərdə minimal sayda əməkdaşla, lakin yüksək bazar dəyərinə malik şirkət modellərinin yaranacağı proqnozlaşdırılır. Bu isə süni intellektin biznes proseslərində geniş tətbiqi ilə bağlıdır.


