Bakı–Tbilisi–Çeyhan neft kəməri ilə xarici bazara çıxarılan Qazaxıstan neftinin həçmi artıb. Bu ilin yanvar–avqust aylarında neft tədarükü 838 min tona çatdırılıb. 2022-ci ildə bu göstərici 69 min ton təşkil etmişdi. Rəqəmlərdən də aydın olur ki, BTC ilə xarici bazara tədarük edilən neftin həcmində 12 dəfə artım var. Neft isə əsasən, Aktau limanından göndərilib.
Ekspertlər bildirirlər ki, Qazaxıstanın Aktau limanından neft ixracı 8 ay ərzində 2,164 milyon ton səviyyəsində olub. Bu, əvvəlki illə müqayisədə 759 min ton (54 faiz) çoxdur. Bunun 520 min tonu “Tengiz”, 252 min tonu “Dunqa”, 1 milyon 385 min tonu “Buzaçı”, 7 min tonu isə “Kaşaqan” yataqlarından göndərilib. Aktaudan daşınmaların bu artımı Bakıya göndərilən ixrac həcmlərinin artması ilə bağlıdır. Eyni zamanda, yanvar-avqust aylarında neft Aktaudan təkcə Bakıya deyil, Mahaçqala limanına da göndərilib: 1,327 milyon ton.
Bununla belə, Qazaxıstanın “Tengiz” yataqlarını Qara dənizdəki Novorossiysk neft terminalına birləşdirən Xəzər Boru Kəməri Konsorsiumu hələ də Qazaxıstan neftinin əsas ixrac marşrutu olaraq qalır. 2022-ci ildə Qazaxıstanın ümumi neft ixracının 81 faizi bu kəmər vasitəsilə həyata keçirilib. Yəni, ixrac edilən 64, 8 milyon ton neftin 52 milyon tondan çoxu Novorossiysk limanından xarici bazara çıxarılıb. Digər marşrutlar üzrə ixrac olunan Qazaxıstan neftinin həcmi cəmi 19 faiz təşkil edib. Bu marşrutların gücü isə 1.8-2,2 milyon ton arasında dəyişir. Məsələn, Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə 2023-cü ildə 1,5 milyon ton Qazaxıstan nefti nəql ediləcək.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb. SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Bu hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu göstərərək regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir”.
Gələcəkdə BTC kəməri ilə həcmin artırılması və bu istiqamətdə ixracın 6,5 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, Qazaxıstanın Azərbaycan ərazisindən öz neftini xarici bazara çıxarmaqda maraqlı olduğunu göstərir.
Qazaxıstan Azərbaycan istiqamətində neft nəqli üçün Bakı–Tbilisi–Ceyhan neft kəmərindən başqa, Bakı–Supsa və Bakı–Batumi marşrutlarından da istifadə edə bilər.
Bəs Qazaxıstanın Bakı–Tbilisi–Çeyhan neft kəmərinə marağının artması nə ilə bağlıdır?
Yada salaq ki, Astana Xəzər Boru Kəməri Konsorsiumu və Novorossiysk limanından asılılığı azaltmaq üçün nəqliyyat marşrutlarını şaxələndirmək istəyini dəfələrlə vurğulayıb. Hazırda o, bu strategiyanı həyata keçirir, ona görə də Qazaxıstan nefti Rusiya ərazisindən yan keçməklə də xarici bazara çıxmaqda maraqlıdır. Bunun səbəbləri var. Birincisi, Rusiya Xəzər Boru Kəməri Konsorsiumu və Novorossiysk terminalından təsir vasitəsi kimi istifadə edir. Maraqlarına uyğun istənilən zaman neftin nəqlini dayandıra bilər. İstənilən bəhanəni də tapmaq asandır. Məsələn, Rusiya əlverişsiz hava şəraitini əsas gətirərək dənizdə yanalma qurğularının mümkün zədələnməsi bəhanəsilə dəniz terminalından neftin yüklənməsini dayandırmışdı. Nəticədə Qazaxıstan neftinin bazara çıxarılmasında çətinlik yaranmışdı. Qazaxıstan isə belə problemlərlə bir daha qarşılaşmaq istəmir. Bundan başqa, Qərbin Rusiyaya qarşı sanksiyaları var. Nöbvəti sanksiyalar Rusiya limanlarından neftin daşınmasını qadağan edə bilər. Bunlar isə Qazaxıstanın əlavə marşrutlar axtarmağa vadar edir.
P.ƏFƏNDİ
XQ

