Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində işgüzar səfərdədir. Oktyabrın 19-da Çinin Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.
Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, müasir zamanımızda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyi vurğulanıb.
Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib.
XQ

