(əvvəli XQ-nin ötən sayında)
“Paasikivi-Kekkonen siyasi doktrinası”nın nəticələri nədən ibarət oldu. Şərqi Avropanın digər ölkələrindən fərqli olaraq Finlandiya sovet qoşunları tərəfindən işğal edilmədi, əsas demokratik institutları, Qərb demokratiyası qaydalarını qoruyub saxladı, bazar iqtisadiyyatı qaydalarını tətbiq etdi, sürətli sənayeləşməyə nail oldu... 1970-ci illərdə Finlandiyanın sənayesi Qərbi Avropa ölkələri səviyyəsində idi.
Uzun illər SSRİ-ni nəzərə alaraq çoxtərəfli Qərb ittifaqlarından məsafə saxlayaraq ikitərəfli münasibətlərə üstünlük verən Finlandiya 1995-ci ilin yanvarın 1-də Avropa İttifaqına daxil oldu. Rusiyanın NATO ilə əlaqələrə çox həssas yanaşmasını nəzərə alan Finlandiya hətta 2023-cü ilədək alyansa üzv olmağa ehtiyac duymurdu. Yalnız Ukrayna müharibəsi başlandıqdan sonra, 2023-cü ilin aprelində Helsinki NATO-ya üzvlüyə qəti qərar verdi.
Gözümüz önündə geosiyasi reallığı nəzərə alan praqmatik, “realpolitik” nümunə var və bu, “Heydər Əliyev və İlham Əliyev siyasi doktrinası”nın mahiyyətcə oxşarıdır. Əsas məqsəd reallığın diktə etdiyi çərçivələr daxilində inkişaf etmək və şərtlərin yetişdiyi məqamı səbirlə gözləyib hədəfə çatmaqdır. Burada “1. Obyektiv şərtlər, 2. Zaman və 3. Subyektiv şərtlər–dəyişikliyə hazırlıq səviyyəsi” əsas məqamlardır.
1993–2020-ci illərdə, 30 il ərzində “Heydər Əliyev–İlham Əliyev doktrinası”nın, geosiyasi reallıqları nəzərə alan siyasi xəttin tətbiqi nəticəsində əvvəlcə ermənilərin hücumu dayandırıldı və 1994-cü ildə əks- hücumla bəzi ərazilər azad olundu, bunun ardınca Bişkek protokolunun imzalanması ilə dövlətin ən ağır böhran mənbəyi olan hərbi əməliyyatlara fasilə verildi, atəşkəs elan olundu. İki istiqamətdə separatizm ocağı söndürüldü, daxili siyasi və hərbi qarşıdurma mənbələri ləğv edildi. Heydər Əliyev böhran mənbələrinin bəzilərini ləğv etdi, bəzilərini isə neytrallaşdırdı və təcrid edərək ölkənin bütün həyatına təsirinin qarşısını aldı. Məhz böhran mənbələrinin hasarlanaraq ölkənin başqa sferalarına neqativ təsirini azaltmaq nəticəsində Azərbaycan sərhədlərinin xarici hərbçilərin nəzarətinə verilməsinin qarşısı alındı, xarici neft şirkətləri ilə müqavilələr imzalandı, iri infrastruktur layihələri həyata keçirildi, iqtisadiyyat bərpa olundu.
O zaman bəzən güzəşt hesab olunan və ermənilərin qələbə kimi təqdim etməyə çalışdıqları 1994-cü il Bişkek protokolu bu günün prizmasından baxdıqda, əslində, 2020-ci il 44 günlük savaşa hazırlıq üçün atılmış ilk addım olduğu görünür.
Ermənistanın simasında ciddi hərbi-siyasi ittifaqla üz-üzə təkbətək qalmış Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil oldu, Rusiya ilə iqtisadi və humanitar, mədəni əlaqələri bərpa etməyə başladı.
Azərbaycanla Almaniya nümunəsinin müqayisəsi
Bütün müqayisələrdə müqayisə olunan hadisələrin heç də bütün elemetləri üst-üstə düşmədiyi üçün “hər cür müqayisə qüsurludur” deyirlər.
Amma, yenə də Heydər Əliyevin 1993-94-cü illərdə atdığı bəzi addımları İkinci dünya müharibəsindən sonra K.Adenauer və Villi Brandtın atdığı addımlarla da müqayisə etmək olar. Reallığı qəbul edən Adenauer 1955-ci ildə SSRİ ilə diplomatik münasibətlər yaratdı, amma parallel olaraq AFR-də Kommunist Partiyasını ləğv etdi. Eyni prinsiplə, Kekkonen SSRİ ilə yaxşı münasibətlərin, Xruşşovla dostluq əlaqələrinin hesabına Finlandiyanın sovetləşməsinin qarşısını almışdı. SSRİ ilə diplomatik münasibətlər Adenauerə ABŞ–SSRİ ziddiyyətlərindən Almaniyanın xeyrinə yararlanmaq üçün şərait yaradırdı.
Almaniya Federativ Respublikasının (AFR) realist kansleri Villi Brandt ölkədaxili təzyiqlər altında Almaniya Demokratik Respublikasını (ADR) və Şərqi Avropanın kommunist rejimlərini tanıdı. SSRİ ilə anlaşmaya nail oldu, Polşa ilə münasibətlər yaratdı. Bununla da AFR-in Avropadakı aqressiv dövlət imicini dəyişməklə yanaşı, sürətli iqtisadi inkişafı üçün siyasi mühit formalaşdırdı. İndi Qərb analitikləri hesab edirlər ki, Konrad Adenauerin Avropada inteqrasiya siyasətinin (Avropa Kömür və Polad İttifaqının yaradılması) və Villi Brandtın bu addımlarının nəticəsi idi ki, 1990-cı ildə Helmut Kol asanlıqla Almaniyanın birləşdirilməsinə nail oldu, Angela Merkel isə Almaniyanı Avropa İttifaqının iqtisadi və siyasi liderinə çevirə bildi.
Əgər paralellər aparsaq, Heydər Əliyevin MDB-yə üzvlük, atəşkəs başda olmaqla daxili və xarici böhran mənbələrini təcrid etmək siyasətini Almaniyada K.Adenauerin və Villi Brandtın, Finlandiyada isə Paasikivi-Kekkonenin siyasi xətti ilə müqayisə etmək olardı. Prezident İlham Əliyevin siyasəti isə hər iki mərhələnin – “Adenauer–Brandt” və “Helmut Kol–Merkel mərhələləri”nin əlamətlərini ehtiva edir. Burada diqqət mərkəzində olan ölkələrin deyil, tətbiq olunan siyasi prinsiplərin müqayisəsi və paralellərdir.
1993-2020-ci illərdə yürüdülmüş “Heydər Əliyev və İlham Əliyev siyasi doktrinası”nın analogiyasını uzaq Yaponiya tarixində Meydzi dövrünün (1868-1889-cu illər) daxili siyasi və iqtisadi transformasiya siyasətindəki paralellərdə də tapmaq olar. Heydər Əliyev Azərbaycanı və bütövlükdə Xəzər hövzəsini Qərb kapitalı üçün açdı və qapalı regionun dünya bazarlarına çıxışını təmin etdi, Meydzi sülaləsi isə Yaponiyanın özünütəcridinə son qoydu, məşhur “İvakurun missiyası” vasitəsilə dünyanın təcrübəsini Yaponiyaya gətirdi. Yeri gəlmişkən, “İvakurun missiyası”nı Prezident İlham Əliyevin xaricdə təhsil proqramı ilə müqayisə etmək olar. Hər ikisində məqsəd dünyanın müxtəlif ölkələrindən təhsil, biznes və idarəçilik təcrübələrini mənimsəyib öz ölkəsində tətbiq etməkdir.
Uzun illər Qərb koalisiyası Finlandiyanı SSRİ ilə yumşaq davranmaqda, siyasətini Kremllə uzlaşdırmaqda, Avropanın iqtisadi və hərbi strukturlarından məsafə saxlamaqda ittiham edir, SSRİ ilə əməkdaşlığa meyil göstərilməsini ironiya ilə “finlyandizasiya” adlandırırdılar.
Oxşar fikirlər “demokratiya” şüarları altında Azərbaycana qarşı da səslənirdi. Daxildə isə Qarabağı azad etmək üçün “Lazımi nə vaxt gələcək?” sarkazmı onu işlədənlərin özünə qarşı çevrildi. Halbuki, tarixi faktlar sübut edir ki, “Lazımın gəlməsini gözləmək” üçün böyük siyasi müdriklik, geosiyasi dəyişiklikləri proqnozlaşdırmaq və oxumaq, dəyişəbilən şərtləri öz xeyrinə dəyişmək qabiliyyəti tələb olunur.
SSRİ dağıldıqdan və Almaniya birləşdikdən sonra 1995-ci ildə Finlandiya Avropa İttifaqına, 1996-cı ildə Şengen Şurasına, Ukrayna savaşı başlandıqdan sonra 2023-cü ildə isə NATO-ya üzv oldu. Amma, yenə də Finlandiya Rusiyaya münasibətdə iqtisadi və geosiyasi, təhlükəsizliklə bağlı reallığı nəzərə alaraq qərarlar qəbul edir, bu gün də Finlandiya Prezidenti Sauli Niinistyö Qərbə Rusiya ilə münasibətlərdə körpüləri yandırmamağı, “bir-birinə azacıq da olsa dözümlü” yanaşmağı məsləhət bilir. (“Nyu-York Tayms”a müsahibədə. 17-19 sentyabr 2023-cü il.)
Azərbaycan 44 günlük müharibə ilə ərazilərini azad etdikdən sonra Türkiyə ilə strateji, o cümlədən də hərbi və müdafiə sahələrini ehtiva edən Şuşa Bəyannaməsini, Rusiya ilə müttəfiqliyə dair bərabərhüquqlu Bəyannaməni imzaladı. Rusiya ilə imzalanmış müttəfiqlik bəyannaməsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı özündə ehtiva və rəsmən təsdiq edən, Azərbaycanın fundamental maraqlarını bərabərhüquqlu əsasda tanıyan, ölkəmizin təhlükəsizliyi üçün çox mühüm olan bir sənəddir.
Addım-addım ərazi bütövlüyünə doğru
İstər Yaponiyada 1868-1889-cu illər Meydzi dövrünün və ondan sonra 1912-ci ilə qədər yürüdülən siyasəti, istər Adenauer və Villi Brandtdan Helmut Kol və Angela Merkelə qədərki Almaniya siyasəti, istər Paasikivi-Kekkonen, istərsə də Heydər Əliyev–İlham Əliyev doktrinalarının uğurlarının təməlində duran səbəblər coğrafiyanı doğru qiymətləndirmək, onun diktə etdiyi reallıqdan çıxış etmək, uzun onilliklər boyu səbirlə hazırlaşaraq hədəfə doğru irəliləməyi bacarmaqdır.
Paasikivi və Kekkonenin 35 il ərzində apardıqları realist-praqmatik siyasi xətt bugünkü Finlandiyanın nail olduğu iqtisadi, siyasi və təhlükəsizlik konsepsiyasının bazasını təşkil edir. Məhz onların siyasi xətti bugünkü imkanları təmin etdi.
Almaniyada K.Adenauer və V.Brandtın tətbiq etdikləri “reallıqla barışıq siyasəti” Helmut Kola Almaniyanı birləşdirmək, A.Merkelə isə Avropa İttifaqının, avrozonanın lideri olmaq üçün tarixi, siyasi və iqtisadi zəmin yaratdı.
“Heydər Əliyev-İlham Əliyev siyasi doktrinası” fərqli, özünəməxsus cəhəti isə odur ki, geosiyasi reallığın nəzərə alınması, danışıqlara hazırlıq mütləq güc faktoru ilə müşayiət olunur. Məsələn, Heydər Əliyev 1993-1999-cu illərdə Boris Yeltsinin təzyiq və iqtisadi blokada siyasətinə əks-təzyiqlərlə cavab verdi. Vladimir Putinin hakimiyyətə gəlişindən sonra isə Rusiyanın atdığı pozitiv addımları dərhal dəyərləndirib münasibətləri yaxşılaşdırmaq kursunu tətbiq etməyə başladı. İkinci misal: 1994-cü ildə Ermənistanla Bişkek protokolunu imzalamazdan öncə uğurlu hərbi əməliyyatlar keçirib bir neçə kəndi və Horadizi işğaldan azad etdi, yalnız bundan sonra atəşkəsə dair protokol imzalandı.
Eyni prinsipləri Prezident İlham Əliyevin 2016-cı ilin aprelindən indiyə qədər tətbiq etdiyi yanaşmalarda da müşahidə edirik. Güc tətbiqi ilə danışıqları bacarıqla növbələndirmək sayəsində Azərbaycan 44 günlük müharibə zamanı ən ağır relyef və hərbi şərtlər altında olan 3 rayonu, 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı isə Qarabağdakı bütün qalan yaşayış məntəqələrini döyüşsüz azad edə bildi. Gücdən bacarıqla istifadə, vaxtında dayanıb danışıqlar aparmaq hər iki halda savaşın qalan hissəsini döyüşsüz qazanmağa imkan verdi.
Bu, həm də onu göstərir ki, Prezident İlham Əliyev gücdən yalnız son anda, zəruri və legitim nəticənin əldə olunması üçün dinc mexanizmlər tükənəndə istifadə etmək tərəfdarıdır. Nəticəyə yol açılan anda, güc tətbiqi dərhal dayandırılır. İkincisi, İlham Əliyevin tətbiq etdiyi gücün özü həm siyasi, həm də hüquqi baxımdan legitim olduğu üçün qarşıya qoyduğu hədəf də legitimdir.
Azərbaycan Ordusu 2022-ci ilin 13 sentyabrında strateji yüksəkliklərə nəzarəti ələ keçirəndən dərhal sonra – ertəsi günü xarici işlər naziri Ceyhun Bayramov Ararat Mirzoyan və Antoni Blinkenlə danışıq apardı. Oktyabrda isə Prezident İlham Əliyev Praqa Bəyanatını imzaladı.
2023-cü ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqsinin bərpasından dərhal sonra Nyu-Yorkda A.Blinkenin vasitəçiliyi ilə və təkbətək formatda Ceyhun Bayramovla Ararat Mirzoyan arasında 4 gün ərzində danışıqlar keçirildi. İyulun 15-də isə Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə üçtərəfli görüş oldu.
Bu məqamda klassik anqlo-sakson siyasi məktəbinin yetirməsi və ənənələrinin daşıyıcısı Marqaret Tetçerdən iqtibas gətirmək yerinə düşür: “Xarici siyasət və təhlükəsizliyin təmin olunmasında başqa dövlətlərlə münasibətdə öz məqsədlərinə çatmaq, hər şeydən əvvəl, güc və qüdrətdən istifadədir. Mən bir mühafizəkar kimi, bunu təsdiq etməkdən qətiyyən qorxmuram. Beynəlxalq münasibətlərdə gücdən istifadə etmədən istədikləri nəticələri əldə etməyi qoy başqaları sınaqdan çıxarsın. Onlar uğursuzluğa məhkumdur. Belə uğursuzluqlar isə əksər hallarda daha çox ziyan vurur, nəinki qüvvələr balansı və etibarlı müdafiə sistemi kimi ənənəvi vasitələr”.
Qırx dörd günlük savaşın sona yetməsindən dərhal sonra Prezident İlham Əliyevin 3+3 formatının yaradılması təşəbbüsü ilə çıxış etməsi də “Heydər Əliyev–İlham Əliyev doktrinası”nın məntiqindən doğur. 3+3 formatı müharibədən sonra formalaşmış yeni geosiyasi vəziyyətin qonşu dövlətlərə qarşı çevrilmədiyini, əksinə region üçün yeni imkanlar açdığını nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycanın Hərbi doktrinasının “müdafiə siyasəti” bölümündə “qonşularla münasibətlərin inkişafı” təhlükəsizliyin qeyri-hərbi kompanentləri sırasında birinci yerdə gəlir.
Ermənistandan fərqli olaraq bu gün də qonşularla münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətini təşkil edir. Əvvəla ona görə ki, dünyada qlobal miqyaslı gərginliklər artdıqca qonşularla sülh və əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi təhlükəsiliyin prioritetinə çevrilir. Qonşularla sülh sərhədlərin bilavasitə təhlükəsizliyi və deməli, hərbi-siyasi, fiziki təhlükəsizliyin təminatı deməkdir. Qonşularla yaxşı münasibətlər iqtisadi baxımdan bazarın genişləndirilməsi, ticarət dövriyyəsinin artması, region üçün prioritet olan qlobal nəqliyyat dəhlizlərinin fəaliyyəti və ölkələrdə sosial vəziyyətin sabitləşməsi deməkdir ki, bunlar da iqtisadi və təhlükəsizlik aspektləridir. Belə görünür ki, hazırda qonşularla yaxşı münasibətlər bütövlükdə milli təhlükəsizliyin baza prinsipinə çevrilib. “Heydər Əliyev-İlham Əliyev doktrinası” isə bu şərtləri nəzərə almağın üzərində qurulub və 30 il ərzində onun bazasını yaradıb.
Beləliklə, əgər tarixi hadisələrin nəticələri onlardan öncəki şərtlərlə proqnozlaşdırılmayıbsa, gözlənilməz nəticələri ortaya qoyubsa, burada şəxsiyyətlərin və milli ruhun rolu danılmazdır. Şəxsiyyətin rolu isə reallığın diktə etdiyi şərtlərlə hesablaşmaq, vəziyyəti düzgün qiymətləndirmək, əlverişsiz qüvvələr nisbətinin dəyişməsinə çalışmaq və nəhayət, qüvvələr nisbətinin dəyişdiyi məqamı dəqiq müəyyənləşdirmək, etibarlı müdafiə sistemi qurmaqdan ibarətdir. Milli ruh isə ümumilli və tarixi məqsəd ətrafında həmrəyliyi ehtiva edir.
İbrahim MƏMMƏDLİ,
tarix üzrə fəlsəfə doktoru

