Azərbaycan Hökuməti Suriyadan 12 nəfər vətəndaşın da ölkəmizə qaytarılmasına nail olub. Onlardan 4-ü qadın, 8-i uşaqdır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə bildirilir ki, həmin şəxslər Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib. Növbəti mərhələdə agentliyin sosial işçiləri və psixoloqları ölkəyə qaytarılan şəxslərin sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək və hər biri ilə bağlı fərdi psixoloji dəstək tədbirləri həyata keçirəcək.
Xatırladaq ki, indiyədək xaricdən ölkəyə qaytarılan vətəndaşlar agentlikdə psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, müxtəlif dərnəklərə cəlb ediliblər.
Z.HÜSEYNOVA
XQ

