Diplomatik korpusun nümayəndələri Xankəndidə və Şuşada

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər.

Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın apardığı düzgün və uğurlu siyasət təkcə münaqişəni sonlandırmadı, eyni zamanda, uzun illər işğal altında qalan torpaqlarımızın geri qayıtması ilə nəticələndi. Bu illər ərzində müharibə cinayətləri törətmiş şəxslər hazırda şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar. O qeyd edib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində əldə edilən uğurlar və qarşıya qoyulan hədəflərdən danışıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir yollar çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Xankəndi şəhəri və digər yaşayış məntəqələrində sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində minlərlə insanın daimi məskunlaşması təmin edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib.

Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi dinləyiblər. Xarici diplomatlar Xankəndi şəhərinin mərkəzi hissəsi ilə də tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər.

Sonra diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.

Diplomatik korpusun nümayəndələri şəhərin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə, müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir.

Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

XQ





Son xəbərlər