Parlamentin növbədənkənar sessiyasının ilk iclası

post-img

İyunun 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Sədri iclasda 7 məsələnin müzakirə olunacağını söyləyib. O, gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib.

Hökumət üzvlərinin, Hesablama Palatasının rəhbərliyinin, digər vəzifəli şəxslərin iştirak etdiyi iclasda məsələ barədə məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb. O bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabat Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub.

Azər Əmiraslanov ötən ilin dövlət büdcəsinin dürüstləşdirilmiş büdcə olduğunu, həm də artan büdcə kimi xarakterizə olunduğunu qeyd edib. O, sosial və investisiyayönümlü xərclərin uzlaşdırılmasının və bir-birini tamamlamasının icra edilmiş büdcənin əsas cəhətlərindən olduğunu, bununla yanaşı, onun dayanıqlıq meyarlarına cavab verdiyini, ötən il cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını bildirib.

Komitə sədri 2024-cü ildə dövlət büdcəsinin xərclərinin proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edildiyini söyləyib.

Büdcə kəsirinin 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni, 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olduğunu deyib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 5,3 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin 91,1 faizi infrastruktur, 6,6 faizi sosial, 2 faizi minalardan təmizlənmə, 0,3 faizi müdafiə və hüquq-mühafizə təyinatlı layihələrin maliyyələşməsinə yönəldilib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini diqqətə çatdırıb.

O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş 2022–2026-cı illəri əhatə edən ölkə strategiyasının ardıcıl olaraq 3-cü ilinin icrası, o cümlədən işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması üçün büdcədən vəsaitlərin ayrılması, həmin strategiyanın tələblərinə uyğun olaraq ölkədə dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatların ikinci mərhələsinin davam etməsi kimi tədbirlərin icrası ilə müşayiət edilib.

Palata sədri 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə fikirlərini açıqlayaraq bildirib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2024-cü ildə 36,0 milyard manat məbləğində daxilolmalar təhlil edilib ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,8 faizinə bərabər olub.

Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən deputatlar öz fikirlərini bildiriblər, bəzi qeyd və təkliflərini səsləndiriblər. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti məsələsinin Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O qeyd edib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

İclasda məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti beş məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Komitə sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri Əli Hüseynli Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb. "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

XQ

Son xəbərlər