Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri və bu səfər çərçivəsində söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
İnterpressnews.ge, sputnik qruziya, Palitranews.ge, qafqazturk.com, 24 news.ge informasiya portalları, eləcə də 1Tv.ge televiziya kanalı Azərbaycan, rus və gürcü dillərində materiallar dərc ediblər.
Prezident İlham Əliyevin mətbuata bəyanatında söylədiyi fikirlərdən gətirilən sitatda deyilir: “Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı dövlətimizin başçısının fikirləri də diqqət mərkəzində olub: “Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Gürcü mətbuatı dövlət başçılarının iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı barədə məlumat yayıb.
XQ