Oktyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlərdə – Azərbaycan–Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib. Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün böyük potensialın mövcud olduğu bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb.
Sonra birgə mətbuat konfransında nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
XQ