Moldovanın aparıcı “Noi.md” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən əsas sitatları əks etdirən daha bir məqalə dərc edilib.
Rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi vəziyyətinə dair söylədiyi fikirlər yer alıb.
Qeyd olunub ki, Azərbaycan hakimiyyəti iqtisadiyyatın hazırkı vəziyyətindən razı qala bilər, çünki ölkə iqtisadi cəhətdən tamamilə müstəqildir, heç bir dəstək və kreditdən asılı deyil. Dövlət başçımıza istinadla yazılır ki, Azərbaycan borc almağı tamamilə dayandırıb. İndi Azərbaycanın xarici borcu ən aşağı səviyyəyə düşüb.
Məqalədə həmçinin Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur ki, bu gün Azərbaycanda iki investisiya proqramı var: biri ənənəvi, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçün. Hər iki proqram yüksək səmərəliliklə, uğurla həyata keçirilir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və tikinti işləri aparır.
Azərbaycan, həmçinin neft hasilatını sabitləşdirmək, təbii qaz hasilatını artırmaq üçün çalışır. Bu, həm də Azərbaycan iqtisadiyyatının böyüməsi üçün əlavə təkan verəcək.
Məqalədə Prezident İlham Əliyevin iqtisadi islahatlara dair digər fikirləri də yer alıb.

