Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində həyata keçirilən diplomatik səylər və etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri, habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat verilib.
XQ

