Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun rəhbəri, Cunaqad ştatının Baş naziri Sultan Əhməd Əli Sahibzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Qonaqlar əvvəlcə muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüb.
Görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud elmi-mədəni əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub, əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında mədəni-elmi əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Qonaqlar beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın təqdimatı ilə muzeyin ekspozisiyası ilə tanış olublar. Onlara Azərbaycan ədəbiyyatının klassik irsi, xüsusilə Nizami Gəncəvinin Şərq və İslam dünyası mədəniyyətində tutduğu mövqe haqqında ətraflı məlumat verilib.
Sultan Əhməd Əli Sahibzadə ölkəmizdə hökm sürən sülh və əmin-amanlıqdan, xalqımızın qonaqpərvərliyindən söz açaraq, zəngin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanışlıqdan məmnunluğunu bildirib, Pakistan və Azərbaycan arasında həqiqi dostluğun və qardaşlığın əbədi olmasını diləyib.
Qabil YUSİFOĞLU
XQ

