Milli Məclisin Sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.
Görüşdə Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis Sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Sahibə Qafarova 2023-cü ilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində həmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişə beynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələr apardıqlarını məmnunluqla xatırlayıb.
Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişaf etdirmək üçün böyük potensial mövcuddur.
Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bu mənada Leyla Əliyevanın bu ilin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsində aparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızı intensivləşdirəcək.
Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.
***
Milli Məclisin Sədri Sahibə Qafarova səfər çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb. Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb və parlamentlər arasındakı qarşılıqlı fəaliyyətin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
Tərəflər son illərdə parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsindən məmnunluq ifadə ediblər. Vurğulanıb ki, parlamentlərimiz həm ikitərəfli, həm də beynəlxalq parlament platformalarında uğurlu əməkdaşlığa malikdir. O cümlədən Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda qarşılıqlı dəstək nümayiş olunur.
***
Milli Məclisin Sədri Sahibə Qafarova həmin gün bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə də görüşüb.
Görüşdə xarici işlər naziri Bədr əl-Busaidi parlamentlərarası münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrə müsbət təsirini qeyd edərək, bu mənada Milli Məclis sədrinin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və biznes sahələrində əməkdaşlıq istiqamətində böyük potensialın mövcud olduğunu bildirib.
S.Qafarova görüşdə Azərbaycan ilə Oman arasında mövcud münasibətlərin möhkəm əsaslara söykəndiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini, Oman Sultanlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə bağlı qəbul edilən sənədlərdə ölkəmizə daim dəstək göstərildiyini vurğulayıb.
Söhbət zamanı regiondakı mövcud vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin Sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub.
Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Daha sonra Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Spiker Sahibə Qafarova səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.
XQ




