Okeanın dibində “Atlantidaya aparan yol” aşkarlanıb?

post-img

2022-ci ildə Havay adaları yaxınlığında aparılan sualtı tədqiqatlar zamanı alimlər okean dibində qeyri-adi bir tapıntı aşkar ediblər. Bu tapıntı daşla döşənmiş yola bənzədiyi üçün böyük maraq doğurub və hətta “Atlantidaya aparan yol” kimi təqdim olunub. Sualtı aparatın kameraları hamar, bir-birindən aydın şəkildə ayrılan plitələri xatırladan səthi qeydə alıb. Kəşf canlı yayımda nümayiş olunub və alimlərin təəccüb dolu reaksiyaları da videoda əks olunub. Görüntülər dərhal əfsanəvi Atlantida ilə bağlı assosiasiyalar yaradıb.

Araşdırmalar göstərib ki, bu tapıntı insan əli ilə yaradılmayıb və qədim bir mədəniyyətə aid deyil. “Yol” əslində sualtı vulkandan çıxan və sonradan bərkiyən maqma axınıdır. İsti lava soyuq dəniz suyu ilə təmasda olduqda çatlayır və zamanla kərpici xatırladan formalar əmələ gətirir. İsidilmə və soyuma prosesləri süxurda güclü gərginlik yaradır və bu da demək olar ki, düzbucaqlı çatların formalaşmasına səbəb olur. Məhz buna görə təbii mənşəli olmasına baxmayaraq, tapıntı daş döşəməni xatırladır.

Bu tapıntı yalnız maraqlı görüntü deyil, həm də elmi baxımdan böyük əhəmiyyət daşıyır. Belə vulkanik strukturlar alimlərə okean dibinin formalaşmasını, bölgənin vulkanik tarixini və dərin dəniz ekosistemlərinin necə yarandığını anlamağa kömək edir. Eyni zamanda, bu cür sahələr çoxsaylı canlılar üçün sığınacaq və yaşayış mühiti rolunu oynayır.

Alimlər qeyd edirlər ki, dərin okean dibinin çox kiçik bir hissəsi indiyədək vizual olaraq öyrənilib. Bu fakt okeanların hələ də böyük ölçüdə naməlum qaldığını və gələcəkdə yeni, gözlənilməz kəşflərin mümkün olduğunu göstərir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı