Pompeydə ictimai hamamlar şəhərin Roma tərəfindən tam tabe edilməsindən xeyli əvvəl mövcud idi və sivil istirahətin simvolu sayılırdı. Lakin mərmər üzlüklərin və tağlı tavanların arxasında xoşagəlməz bir reallıq gizlənirdi. Bəzi hamamlardakı su daha çox tər, dəri yağı və insan orqanizminin digər tullantıları ilə dolu çirkab mayeni xatırladırdı. Alimlər bu faktları binaların xarabalıqlarını deyil, qədim borular və quyularda yığılan diqqət çəkməyən əhəng çöküntülərini araşdıraraq üzə çıxarıblar. Yeni elmi məqalənin müəlliflərinə görə, məhz Roma hakimiyyəti bu antisanitariya ilə sona çatdıraraq əsl gigiyenik inqilab həyata keçirib.
79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan Pompey çox vaxt tipik Roma şəhəri kimi qəbul edilir. Halbuki şəhər tarixinin böyük bir hissəsində onu yerli aristokratiya, əsasən də özünəməxsus mədəniyyətə malik samnitlər idarə edib. Pompey yalnız e.ə. 80-ci ildən sonra Roma koloniyasına çevrilib və bu hadisə vulkan püskürməsindən cəmi 159 il əvvəl baş verib.
Samnitlər də romalılar kimi ictimai hamamları sevirdilər. Onlar şəhərdə azı beş belə kompleks inşa etmişdilər. Ən məşhurları e.ə. təxminən 125-ci ildə tikilmiş Stabiya və Respublika hamamları idi. Bu məkanlar, sadəcə, yuyunmaq üçün deyil, görüş və ünsiyyət üçün də mühüm ictimai mərkəzlər sayılırdı.
Roma akveduku tikilməzdən əvvəl Pompey sakinlərinin mərkəzləşdirilmiş su təchizatı sistemi yox idi. Onlar yeraltı sulara möhtac idilər: quyular qazılır, su xüsusi vedrələrlə yuxarı çəkilir, sonra isə hamam çənlərinə doldurulurdu. Bu proses həm ləng, həm də olduqca zəhmətli idi, çünki o dövrdə Pompeydə daha səmərəli suqaldırma mexanizmləri mövcud deyildi.
Almaniyanın Mayns Universitetindən Gul Surmelihindi rəhbərliyi altında çalışan beynəlxalq arxeoloqlar qrupu qədim hamamlardakı suyun nə dərəcədə təmiz olduğunu araşdırmaq qərarına gəlib. Onlar qeyri-adi məlumat mənbəyinə - əsrlər boyu su infrastrukturu elementlərinin, o cümlədən quyuların, hovuzların, drenaj kanallarının və sonradan Roma akvedukunun daxilində formalaşmış karbonat çöküntülərinə müraciət ediblər. Ağacların illik halqaları kimi, bu mineral qatlar da içindən axan suyun kimyəvi tarixçəsini qoruyub saxlayır.
Mineraloji analiz göstərib ki, 40 metr dərinlikdəki quyulardan çıxarılan su ilə hamamlardakı su arasında kəskin fərq var. Hamam sularında sabit karbon izotoplarının aşağı göstəriciləri qeydə alınıb ki, bu da orada üzvi maddələrin çoxluğuna işarə edir. Quyulardan götürülən suda isə demək olar ki, üzvi çirklənmə aşkar olunmayıb.
Bu üzvi maddələrin mövcudluğu “antropogen çirklənmə” deməkdir. Başqa sözlə, Pompey hamamlarındakı su quyulardakı sudan xeyli çirkli olub və buna səbəb elə hamamların öz ziyarətçiləri idi.
Antisanitariya həmin dövrün texnoloji məhdudiyyətləri ilə bağlı idi. Dərin quyulardan vedrə sistemi ilə suyun çıxarılması çox yavaş gedirdi. Tədqiqatçılar hesablayıblar ki, bir saat ərzində 900–5000 litr su qaldırmaq mümkün idi. Bu həcm hamamlardakı suyun gündə cəmi bir və ya iki dəfə tam dəyişdirilməsinə yetirdi.
Beləliklə, çirklənmə birbaşa hamamların özündə baş verirdi. Araşdırma müəlliflərinin fikrincə, əsas çirkləndirici mənbələr tər, dəri yağı və s. idi. İnsan axınının daimi olması şəraitində su çox vaxt lazımi səviyyədə yenilənmirdi.
Pompey Roma hakimiyyətinə keçdikdən sonra vəziyyət köklü şəkildə dəyişdi. Romalılar ilk onilliklərdə genişmiqyaslı layihəyə start verdilər və şəhərə təxminən 35 kilometr şimal-şərqdə yerləşən təmiz karst mənbələrindən su gətirən akveduk inşa etdilər.
Alimlərin hesablamalarına görə, akveduk şəhərə saatda təxminən 167 min litr su çatdırırdı. Bu, ictimai hamamlarda suyun tez-tez dəyişdirilməsi üçün kifayət edirdi. Eyni zamanda, şəhər sakinləri fontanlar şəbəkəsi vasitəsilə paylanan daimi və rahat içməli su mənbəyi əldə etdilər.
Kimyəvi analizlər göstərib ki, hamamlardakı gigiyenik şərait əhəmiyyətli dərəcədə yaxşılaşıb. Xüsusilə Roma dövründə yenidən qurulan və fəal istifadə edilən Stabiya hamamlarının drenaj kanallarındakı çöküntülərdə üzvi karbonun miqdarı xeyli az olub.
Lakin akvedukun istifadəyə verilməsi Pompey sakinləri üçün birmənalı xeyir gətirmədi. Ondan əvvəl bir çox insanlar, xüsusilə varlı təbəqə, yağış sularından istifadə edirdi. Onlar dam örtükləri vasitəsilə suyu xüsusi sisternlərdə toplayırdılar. Akvedukdan sonra isə su şəhərə qurğuşun borular vasitəsilə paylanmağa başladı.
Qurğuşun gizli və təhlükəli neyrotoksindir. O, ani zəhərlərdən fərqli olaraq, təsirini yavaş-yavaş göstərir. Xüsusilə yumşaq su ilə təmasda olduqda metal tədricən yuyularaq içməli suya qarışırdı. Bu isə anemiya, qarın ağrıları və podaqradan tutmuş sinir sisteminin ciddi zədələnməsinə, psixi pozuntulara və idrak qabiliyyətinin zəifləməsinə qədər ciddi fəsadlara yol aça bilərdi. Uşaqlar bu baxımdan xüsusilə həssas idi.
Paradoks ondadır ki, bu sistemi qismən xilas edən məhz sərt suyun təsiri olub. Tədqiqatçılar müəyyən ediblər ki, zamanla qurğuşun boruların daxili səthi qoruyucu mineral qatla - əsasən kalsium karbonatı ilə örtülürdü. Bu qat suyun qurğuşunla birbaşa təmasını azaldaraq zəhərlənmə riskini aşağı salırdı. Lakin bu müdafiə etibarlı deyildi: boruların təmiri, köhnə hissələrin dəyişdirilməsi və ya suyun kimyəvi tərkibindəki dəyişikliklər qurğuşunun yenidən suya qarışmasına və çirklənmənin təkrar artmasına səbəb ola bilirdi.
Surmalihindi və həmkarları hesab edirlər ki, qurğuşunla zəhərlənmə riski Pompey əhalisi arasında bərabər paylanmayıb. Geniş atriumlu evlərdə yaşayan və öz yağış suyu sisternlərinə malik olan elit təbəqə su kəmərindən daha az asılı idi. Yoxsul təbəqələr, sənətkarlar və qullar isə bu imkanlardan məhrum olduqları üçün birbaşa qurğuşun borularla qidalanan ictimai fontanlardan su götürməyə məcbur qalırdılar. Beləliklə, şəhərin həyatını ümumilikdə yaxşılaşdırmaq məqsədi daşıyan texnoloji tərəqqi bilmədən onun ən zəif təbəqələrinin sağlamlığını risk altına atmışdı.
Hazırladı:
S.ELAY
XQ

