Poeziyamızın yaşıl işığı

post-img

Yaradıcısı olduğu “Söz” jurnalının baş redaktoru, mərhum Şəkər Aslanın arxivinə baxarkən Xalq şairi Rəsul Rzayla bağlı bir yazı əlimə keçdi. Düşündüm ki, şairin 115 illik yubileyi ərəfəsində bu xatirə lap yerinə düşdü. Onun 90 illiyinə həsr olunmuş kitabını da yenidən oxudum. 

Kitab bu dəfə tamam ayrı ovqat bəxş etdi mənə. Bir anlığa, sanki, Rəsul Rzanı şəxsən tanıdım. Çinar ömrü arzusunda olan şairin bütün yaşantılarını müasirləri kimi mən də gördüm. “Bir kimsəyə enməmiş, heç kəsə baş əyməmiş bir ömrü” izlədim. 

Şair-dramaturq Teyyub Qurbanın tərtib etdiyi “Yaşıl rəngin işığı” 18 müəllifin qələmə aldığı xatirələr kitabında yarımbaşlıq kimi verilmiş “İlk Azərbaycan ensiklopediyasının taleyi ilə bağlı xatirələr, məqalələr toplusu”nda gənc yazarlara mənəvi ata olan Rəsul Rzanın milli təəssübkeşliyindən, qayğıkeşliyindən söz açılır.

O, böyük vəzifələrdə olub. Lakin kitabdan əxz elədim ki, “vəzifə bioqrafiyası”nın ən yüksək zirvəsi yaşıl rəngli Azərbaycan Ensiklopediyasının (ASE) baş redaktorluğudur. Kitabı oxuyanda isə o illərin ağrılı yaşantılarıyla baş-başa qaldım.

...Ensiklopediya. Bu elmi idarə Rəsul Rzaya lazım idimi? – Su kimi, hava kimi. Ensiklopediya Rəsul Rzaya Azərbaycanı Azərbaycana tanıtmaq üçün lazım idi. O, gələcək naminə, bu gün üçün dünyanın nəzərini Azərbaycana yönəltmək istəyirdi. Lakin Rəsul Rza I cildi hazırlaya bildi. Həmin cild də senzuradan keçmədi. Tarix elmimizdə baş verən çəkişmələrin badına getdi. Bir baş redaktor kimi Rəsul Rzanın götürdüyü xətt milli, tarixi, özümlü dəyərlərə söykənirdi. Təəssüf ki, Azərbaycan istiqlalının, elminin, milli mədəniyyətinin təşəkkülündə rol oynamış adamların adları “ASE”nin cildlərinə düşmədi.

Dili qılınc, qəlbi kövrək, qayğıkeş, xisləti xeyirxahlıqla dolu idi Rəsul Rzanın. Onun insanpərvərliyi, humanistliyi, əliaçıqlığı, yan-yörəsinə, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün ailə və şəxsi qayğılarına canıyananlıqla yanaşması yalnız Rəsul Rzaya xas xüsusiyyətlər idi.

Rəsul müəllim, demək olar ki, bütün vaxtını ensiklopediyaya rəhbərliyə sərf edirdi. Hətta həyatının qayəsi olan bədii yaradıcılıq da arxa plana keçmişdi. O, çox demokratik ruhlu bir insan idi. Həqiqət onun üçün hər şeydən yüksəkdi. Qorxaqlara qarşı sərt, barışmaz və prinsipial mövqe tutardı. Onun rəhbərliyi ilə yaradılmış I cild nəşrindən 5 il keçəndən sonra ləğv olundu. Bu barədə şair-publisit Teyyub Qurbanın “Yaşıl” – “Qırmızı” adlı silsilə məqaləsində ətraflı bəhs edilmişdir. 

“Yaşıl” – milli ensiklopediyadır. “Qırmızı”da isə Sovet Azərbaycanının kommunizm quruculuğu, qurultay qərarlarının həyata keçirilməsində əldə edilən əzəmətli nailiyyətlər geniş işıqlandırılır. “Qırmızı” utanıb-qızarmadan “Yaşıl”ı inkar edir. Başda əyilməz Rəsul Rza olmaqla milli qeyrət sahiblərindən ibarət olan kollektivin nəhəng əməyini heçə endirir. 20 min tirajla buraxılmış canlı sənət abidəsini yerə vurur.

Rəsul Rzaçılar milli qəhrəmanlıq göstərərək 1918-ci ildə mart faciəsinin iştirakçılarını “Yaşıl”a daxil etməmişlər. “Qırmızı” isə 26-ların hamısı haqqında ayrı-ayrılıqda məqalə verməklə yanaşı, şəkillərindən ibarət foto-sərgi də vermişdir. Məqalədə belə müqayisəli təhlillərin sayı yüzlərcədir.

Rəsul Rza bütün kollektivdə poetik mənlik hissi və şüuru formalaşdırır, ziyalı və vətəndaş mövqeyi nümayiş etdirirdi. İstəyirdi ki, ensiklopediyada Azərbaycan əsas mövzu olsun. Bütün bunları səhhəti hesabına edirdi. Lakin belə bir qənimət şəxsiyyət mübarizə hədəfi oldu. Hətta adı ensiklopediyanın Redaksiya Şurası siyahısında saxlanmadı...

Rəsul müəllimin bilavasitə təşəbbüsü, təkidi sayəsində tikilmiş yeni binada çalışmaq onun özünə qismət olmadı. Düşünürəm ki, Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinə ömrünün və yaradıcılığının ən bəhrəli tam 10 ilini qurban vermiş Rəsul Rzanın adı verilsəydi, onun ruhu burda qərar tutardı… Məhz millətçi erməni alimlərinin obyektiv tarixi həqiqətlə bir araya sığmayan uydurmaları, böhtan və iftiraları sayəsində Rəsul müəllimin rəhbərliyi ilə yaradılmış yaşıl ensiklopediyanın I cildi ləğv edildi. Bədxahlar istədiklərinə nail oldular. Demokratik ruhlu şair millətin mənəvi pasportu sayılan ensiklopediyanın nəşrinə rəhbərlikdən də uzaqlaşdırıldı.

O, həyatda şəxsən görüb tanımadığım dahilərdən biri idi. Fəqət şair dünyasını dəyişəndə onunla vida mərasimində iştirak etmişəm. Rəsul Rza 1981-ci il aprelin 1-də gözlərini əbədi yumub. Dəfn mərasimi ayın 2-də idi. Ömrümdə ilk dəfə belə izdiham görürdüm. Filarmoniyada oturmağa birtəhər yer tapdım. Divardan asılmış şəkli... Öz ifasında səslənən şeirlər... Adamı haldan-hala salan hüznlü simalar...

Adlarını kitablardan bildiyim ədəbi simaları, televiziyadan tanıdığım sənət adamlarını həmin gün həyatda şəxsən gördüyüm üçün Rəsul Rzanın ruhuna minnətdaram. Ulu öndər Heydər Əliyevi Lənkəranda Məhsul bayramlarında görsəm də, daha yaxından orda gördüm.

Rəsul Rza zahirən ötkəm, zabitəli, zəhmli, hətta bir qədər acıdil adam təsiri bağışlasa da, əslində, kövrək qəlbli, xeyirxah, mərhəmətli, həssas və qayğıkeş insan idi. Bu xüsusiyyətləri ilə hələ sağlığında müdrik varlığa çevrilən şair haqqında deyirlər ki, Rəsul şeirlərinin qonşuluğunda Rəsul qayğısı da yaşayır. Vaqif Nəsib yazırdı:

Rəsul Rza

İnsan üçün çiçəkləyib
Öz yetmiş yaşına kimi.
Düşmən üçün tikanlaşıb
Kirpiyindən qaşına kimi...

Beləcə, mərhum Şəkər Aslanın arxivi sayəsində elə ondan da qayğısını əsirgəməyən, bütün varlığı ilə insan üçün çiçəkləyən Rəsul Rza dünyasına səyahət elədim. 

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

 



Mədəniyyət