Bakıda piano təntənələri

post-img

Xəzər sahilləri dünya musiqisi qanadlarında

Artıq bir neçə gündür ki, Bakının mədəni ritmi IV Beynəlxalq Piano Festivalının sədaları ilə daha da canlı təsir bağışlayır. Qocaman Xəzərin dalğaları, sahil şəhərinin küləkləri ilə həmahəng musiqi melodiyaları ətrafa yayılır və ecazkar aura yaradır.

“Landmark Hotel Baku”da keçirilmiş açılış konfransında festivalın təsisçisi və direktoru, tanınmış caz pianoçusu və bəstəkar, Əməkdar artist Şahin Növrəsli ilə bayramın art-direktoru, Əməkdar artist Natəvan Növrəsli, Braziliya və Xorvatiyanın ölkəmizdəki səfirləri Manuel Monteneqro ilə Branko Zebiç, Fransa səfirliyinin müşaviri Şarl Denye, Avstriya səfirliyinin baş konsulu Herxard Luts, “PASHA Holding”in departament direktoru Nazim Səfərov və başqaları ürək sözlərini söyləyiblər. Bildirilib ki, festivala 10 ölkədən sənətçilər qatılacaq, möhtəşəm proqram təqdim olunacaq.

Ertəsi gün “Rotunda Roof Garden”də Bakı Piano Festivalının açılışı uğurla keçdi. Təsisçi Şahin Növrəsli qısaca olaraq “Bakı Piano Festivalı”nın yaranma tarixindən danışdı və ötən illər ərzində təşkilatçılara göstərdikləri dəstəyə və köməyə görə dostlara və sponsorlara təşəkkür elədi.

Sonra Fransanın məşhur caz-divası Mina Aqossinin kvarteti paytaxtımıza, sözün əsl mənasında, səs saldı. O, bir solist kimi çıxışına Bakıya həsr etdiyi improvizə kompozisiya ilə başladı. Vokal ifalarında onu Ceremi Brüger (fortepiano), Erik Cakot (bas gitara) və Cos Aydama (nağara) virtuoz şəklidə müşayiət edirdilər.

Konsertə böyük tamaşaçı kütləsi gəlmişdi. Bu sırada ünlü mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xiridar mətbuat nümayəndələri də vardı.

Bakı Piano Festivalı çərçivəsində “Rotunda Roof Garden”də adını transformasiya və innovasiyadan alan yenilikçi “Altera Ensemble” (Türkiyə) qrupunun, eləcə də rəqqaslar Kamran Babayev və Ezgi Erin iştirakı ilə tanqo gecəsi də böyük uğurla keçdi. Sənətçilərin ifasında parlaq proqram sərgiləndi. Səhnədə Zibelhan Dağdelen (vokal), Rüstem Mustafa (skripka), M.Reşat Güner (akkordeon), Suzan Şenol Sayın (piano), Simge Keskin (violonçel), Bora Çamoğlu (kontrabas), Ege Tokatlı (gitara), Yavuz Akalın (ney) ruh oxşayan gözəl çıxışları dönə-dönə alqışlandı.

Heyrət doğuran bu idi ki, “Altera Ensemble” klassik və müasir dünya musiqisini unikal aranjimanlarla yeni kontekstdə təqdim edirdi. Sopranonun valehedici səsinə bələdçilik edən alətlərin zəngin səs çalarları əlvan ahəngdə birləşərək dinləyicilərə qeyri-adi musiqi performansı təqdim etdi. Özünün musiqi səyahətinə coşğun melodiyalarla başlayan qrup pop və kino musiqisinin mürəkkəb şərhlərini, dünya musiqisini və müasir tanqonu bir araya gətirməklə necə geniş imkanlara malik olduğunu bir daha sübuta yetirdi. Ayrı-ayrı çıxışlarda emosional dərinlik, bədii incəlik və mədəni müxtəlifliyin təzahürü əyani şəkildə görünürdü.

Türkiyəli sənətçi – soprano Zibelhan Dağdelen jurnalistlərlə söhbət zamanı festivalla bağlı xoş təəssüratlarını bölüşdü:

– Bakıda özümüzü çox yaxşı hiss edirik. Bu, çox gözəl şəhərdir, burada mehriban insanlar var. Bakı səhnəsində musiqi ifa etmək xüsusi hadisədir. Biz çıxışlardan olduqca həyəcanlıyıq və Bakı Piano Festivalında olmaqdan çox şadıq. Bu fürsətə görə təşkilatçı Şahin Növrəsliyə, çıxışlarımıza mənəvi stimul verən seyrçi dəstəyinə görə isə musiqisevərlərə minnətdarıq.

Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən Röya Taner isə çıxışı ərəfəsində dedi:

– Bu, Azərbaycana 7-ci səfərimdir. İlk dəfə bura 1992-ci ildə gəlmişdim. Bakı Piano Festivalında çıxış edəcəyim üçün çox şadam. Ümid edirəm ki, Bakı Kamera Orkestri ilə səhnəyə çıxacağım Beynəlxalq Muğam Mərkəzində çoxlu tamaşaçı olacaq və biz birlikdə musiqidən zövq alacağıq. Səhnədə yaradıcılığımı azərbaycanlı tamaşaçılarla bölüşəcəyim anı səbirsizliklə gözləyirəm.

Musiqisevərlər dünən ADA Universutetində Şahin Növrəslinin virtuoz çıxışına, “Meyvi klub”da isə “Art Vorkşop ənd Jam session”a şahidlik etdilər. IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. Paytaxtımızın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramlarına “qonaq” ola biləcəklər. Müxtəlif musiqi məkanları festivalı qoynuna alacaq. “Caz gecəsi”, Zaza Xutçişvilinin, Simon Raabın, Liz Rasanın, Mike Del Ferronun, Yeganə Axundovanın çıxışları, gənc istedadların “Gələcək bizik” konserti kimi özəl sürprizlər olacaq.

“Bakı Piano Festivalı – 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyalarının təşkili də nəzərdə tutulub.

Ə.ƏLİYEV
XQ





Mədəniyyət