Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan “Milli baş geyimi və örtükləri” adlı layihənin növbəti maarifləndirici-mədəni tədbiri 11 avqust 2025-ci il tarixində Saatlı Gənclər Evində keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Aparıcı və layihə rəhbəri, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədləri, görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verib. O, milli baş geyimlərinin – kəlağayı, papaq və digər ənənəvi örtüklərin Azərbaycan xalqının zəngin mədəniyyətindəki yerinə diqqət çəkərək, bu irsin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər milli dəyərlərin qorunması mövzusunda öz ürək sözlərini bölüşüblər. Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirəli Məmmədov, şəhid anaları Sevil Hüseynova, Solmaz Əliyeva və Vüsalə Hüseynova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, idarə heyətinin üzvləri Azadə Quliyeva və Almara Nəbiyeva, İmişli Diferensial Təhsil və Tədris Mərkəzinin direktoru Elşən Şəmmədli, rəssam Gülnarə Məmmədova çıxışlarında baş geyimləri ənənəsinin həm tarixi, həm də mənəvi dəyərini qeyd edərək, bu kimi təşəbbüslərin gənclərdə milli kimlik şüurunun möhkəmlənməsinə böyük töhfə verdiyini bildiriblər.
Tədbir çərçivəsində milli baş geyimləri və örtüklərindən – kəlağayılar, papaqlar və digər ənənəvi nümunələrdən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən formalaşdırılmış “kəlağayı ədəbiyyatı”na dair nəşr olunmuş kitablar da ziyarətçilərə təqdim edilib.
Musiqi proqramı tədbirə xüsusi rəng qatıb. Aşıqlar – Həqiqət Şınıxlı, Nərmin Cəlal, Rafiz Məmmədov, İbrahimli Elgün, Anar Xudiyev, Məhəmməd Yadigarlı, xanəndə Sədi Muradov, “Nənə qızlar” ansamblı, Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi Əli Eyvazlı, eləcə də “Əkizlər” rəqs qrupu milli musiqi və rəqs nümunələri ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar.
Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı maliyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Saatlı Rayon İcra Hakimiyyətinə və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. O, növbəti tədbirin Kürdəmir rayonunda keçiriləcəyini vurğulayıb.