Rəqsi sənətə çevirən sənətkar

post-img

Əlibaba Abdullayev – 110

Ötən əsrdə yaşayıb mədəniyyətimizə töhfə verən çox böyük şəxsiyyətlər var ki, bu gün adlarını çəkmək yada düşmür. Onlardan biri xoreoqraf, Xalq artisti Əlibaba Abdullayevdir. Musiqimizə, onun ayrılmaz qolu olan milli rəqsin inkişafına böyük töhfələr vermiş Əlibaba Abdullayevin bu il 110 yaşı tamam olur.

Uşaq yaşlarından onun musiqiyə, incəsənətə olan həvəsi Əlibabanı İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinə gətirib. O, buradakı rəqs qrupunun üzvü olub.

1935-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblına seçilib və 1 il sonra Bakıda keçirilən I Azərbaycan Xalq Rəqsləri Festivalında çıxışı ilə fərqlənə bilib. Üzeyir bəy öz qeydlərində Əlibaba Abdullayevin musiqinin ritmini dərindən duyduğunu vurğulayaraq əlavə edib ki, onun rəqsləri tamaşaçıda səslənən melodiyanın əyani təsvirini canlandırır.

Tanınmış jurnalist, kinoşünas Aydın Kazımzadənin yazdığına görə, Əlibaba Abdullayevin sənəti Üzeyir Hacıbəylinin müşahidəsi və dəstəyi ilə püxtələşib, inkişaf edib və yaradıcılıq zirvəsinə çatıb. O, 1938-ci il aprelin 5-də Qəmər Almaszadənin rəhbərlik etdiyi ansamblla birlikdə Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak edərək Böyük Opera və Balet Teatrının səhnəsində “Qaytağı” rəqsi ilə salonu ayağa qaldırıb. Azərbaycan incəsənətinin canlı və möhtəşəm mənzərəsinə rəng qatıb. Beləcə, Əlibaba Abdullayev yaradıcılıq sınaqlarından çıxaraq özünə böyük sənətdə yol açıb.

1941-ci ildə ansamblın rəqs qrupunun rəhbərliynə irəli çəkilən xoreoqraf həmin ilin payızında İranda sovet qoşunları qarşısında konsertlərdə iştirak edib. İkinci Dünya müharibəsi illərində ön və arxa cəbhədə çıxışları olub. Üzeyir Hacıbəylinin “Vətən və cəbhə” kantatasının hazırlanması məhz Əlibaba Abdullayevə həvalə edilib. O, müharibə illərində “Dədə Qorqud” vətənpərvərlik marşının da rejissoru və mahir ifaçısı olub.

1943-cü ildə Əməkdar artist fəxri adına layiq görülən Əlibaba Abdullayev Səməd Vurğun, Bülbül, Ələsgər Ələkbərov, Qurban Pirimov və başqalarının da daxil olduğu mədəniyyət xadimləri qrupunun tərkibində Mozdoka və Taqanroqa göndərilib, orada azərbaycanlılardan ibarət 416-cı atıcı diviziyanın hərbi qulluqçuları qarşısında çıxış edib.

Müharibədən sonra bəstəkar Süleyman Ələsgərovdan Cəlil Məmmədquluzadə adına Musiqili Komediya Teatrında işləməklə bağlı dəvət alıb. Burada o, Fikrət Əmirovun “Gözün aydın”, Süleyman Ələsgərovun “Beş manatlıq gəlin”, Viktor Dolidzenin “Keto və Kote” operettalarının səhnələşdirilən tamaşalarında həm rol ifaçısı, həm də rəqs quruluşçusu kimi çıxışlar edib. 1947-ci ildə Çexoslovakiyada keçirilən I Ümumdünya Gənclər Festivalı ərəfəsində yenidən Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinə qayıdıb. Solist kimi çıxış edib və festival laureatı diplomuna layiq görülüb. 1957-ci ildə Moskvada keçirilən VI Gənclər və Tələbələr Festivalında isə konsert proqramını tərtib edib, eləcə də özünün rejissoru və ifaçısı olduğu rəqslərə quruluş verib. Bu festivalda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Daha 2 il sonra Xalq artisti fəxri adına layiq görülüb.

Əlibaba Abdullayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərovun “Ulduz”, Səid Rüstəmovun “Durna”, Soltan Hacıbəyovun “Qızıl gül” əsərlərinin tamaşaları üçün rəqsləri hazırlayıb. Onun yaradıcılığında süjet kompozisiyaları mühüm yer tutub. “Dostluq”, “Şənlik”, “Neftçilər”, "Məhsul” rəqs süitalarının, eləcə də “Ovçular”, “Balıqçılar”, “Futbolçular” və s. orijinal rəqslərinin səhnələşdirilməsi ilə yanaşı, rəqs ansambllarının tamaşalarının kütləvi səhnələrinin quruluşunda da iştirak edib. Naxçıvan, Lənkəran, Gəncə şəhərlərində təkcə peşəkarların deyil, həm də həvəskar incəsənət xadimlərinin iştirakı ilə rəqslər və xoreoqrafik nömrələr nümayiş etdirib.

Bəstəkarlar Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirovla əməkdaşlığı sayəsində o, tarixi xalq rəqslərini toplayıb, rəqs ritmlərindən istifadə edərək onlar üçün yeni tamaşalar yaradıb. “Ovçular”, “Bənövşə”, “Bulaq başı”, “Bahar”, “Ay gözəl”, “Qazağı”, “Məzəli rəqs”, “Qaytağı”, “Gəlin tərifi” və “Nağaraçılar” kimi xalq rəqslərinin səhnələşdirilməsi Əlibaba Abdullayevin adı ilə bağlıdır. Qızı Elmira Abdullayevanın xatirələrinə görə, o, daim öz üzərində işləyər, zəruri ədəbiyyatı öyrənər, gecələr kağız üzərində rəqs tamaşalarının eskizlərini, rəsmlərini yaradar, eyni zamanda öz-özünə mahnı oxuyardı.

Yeri gəlmişkən, Əlibaba Abdullayevin yaxşı səsi olub. Onun Leyla Bədirbəyli və Tutu Həmidova ilə birgə, eləcə də Roza Cəlilova ilə mahnı və rəqs ifalarının səs yazıları Azərbaycan radiosunun “Qızıl fond”unda saxlanılır. Xoreoqraf, aralarında Bədurə Əfqanlı, Reyhan Topçubaşova, Kazım Kazımzadə, Əyyub Fətəliyev və başqalarının da olduğu teatr xadimləri ilə yaradıcı əməkdaşlıq edib, hər rəqs üçün ayrı-ayrılıqda xalq geyimlərinin eskizlərini yaradıb, bu geyimlərin tikilməsində istifadə olunan parçaları da özü seçib.

Rəqsimizin korifeyi kinematoqrafiya sahəsində də çalışıb, “Görüş”, “O olmasın, bu olsun”, “Əhməd hardadır?”, “Sehrli xalat”, “Dəli Kür”, “Ulduzlar sönmür” kimi bədii filmlərdə həm fərdi, həm də kollektiv rəqsləri canlandırıb. Bir sıra sənədli filmdə Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərdən istifadə edilib. Aydın Kazımzadə yazır ki, o, rejissor, rəqqas və rəssamlığı özündə birləşdirib və rəqs üçün yaşayıb. İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

Yaradıcılığı boyunca 200-dən artıq rəqsə quruluş verən, tanınmış Azərbaycan xalq rəqqası və xoreoqrafı, Xalq artisti Əlibaba Abdullayev 1980-ci ilin avqustunda vəfat edib. 2015-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onun 100 illik yubileyinə həsr olunan konsert keçirilib. Konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivləri çıxış ediblər.

Bakının “Kubinka” adlanan ərazisində küçələrdən birinə Əlibaba Abdullayevin adı verilib. 1940–1980-ci illərdə yaşadığı və onun adını daşıyan küçədə yerləşən evin divarında barelyefinin əks olunduğu xatirə lövhəsi var. Həyat və yaradıcılığından bəhs edən “Sənəti böyüdən sənətkar” adlı sənədli film çəkilib.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət