Dahi Cavid Naxçıvanda yad edilib

post-img

Naxçıvanda Hüseyn Cavidin anadan olmasının 143-cü ildönümü qeyd edilib. Muxtar Respublika Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən anım mərasiminin iştirakçıları əvvəlcə böyük dramaturq, filosof şairin məqbərəsini ziyarət edib, məzarı üstünə tər gül dəstələri qoyublar.

Mərasimdə nazirliyin şöbə müdiri Pərvin Həsənov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı xidmətlərindən danışıb, yaradıcılığı və şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə nümunə olduğunu bildirib. Qeyd olunub ki, görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiyməti ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin göstərişi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.

Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb. Anım məclisi AMEA Naxçıvan Bölməsinin əməkdaşı Ramiz Quliyev və Hüseyn Cavidin ev-muzeyinin və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun çıxışları ilə davam edib. Yazıçı Muxtar Qasımzadə Hüseyn Cavidin portretini muzeyə hədiyyə edib.

Bədii hissədə Hüseyn Cavidin xatirəsinə həsr edilmiş şeirlər səsləndirilib.

Səbuhi HƏSƏNOV
XQ

Mədəniyyət