Qlazqoda Azərbaycan musiqi əsərləri səsləndirilib

post-img

Şotlandiyanın Qlazqo şəhərində görkəmli Azərbaycan bəstəkarı, musiqişünas-alim və Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Arazbarı” konserti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan klassik musiqisinə həsr olunan bu tədbir şəhərin ən nüfuzlu məkanlarından biri olan “Glasgow Art Club”da keçirilib.

“Caspian Circle” təşkilatının baş icraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqoda keçirilməsinin həm musiqi diplomatiyası, həm də diaspor fəaliyyəti üçün əlamətdar hadisə olduğunu bildirib.

Gecənin əsas ifaçısı Böyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva olub. O, çıxışı zamanı Üzeyir Hacıbəylinin musiqi irsinin təkcə Azərbaycan mədəniyyətinə deyil, ümumbəşəri musiqi düşüncəsinə təsirindən danışıb. G.Mirzəyeva həmçinin Motsart və Bax kimi klassiklərin yaradıcılığını vurğulayaraq, Şərq və Qərb musiqi ənənələrinin dialoqu barədə öz fikirlərini bölüşüb. Sənətçi proqram boyunca Üzeyir Hacıbəylinin, Baxın və Motsartın repertuarından olan müxtəlif kompozisiyalar səsləndirməklə yanaşı, özünün bəstələdiyi “Bax” muğam üslublu orijinal əsərini də ifa edib. Bu kompozisiya dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Tədbir Azərbaycan icması ilə yanaşı, britaniyalı və şotlandiyalı hökumət nümayəndələrinin, eləcə də yerli musiqisevərlərin də böyük marağına səbəb olub.

Fuad Ələkbərov çıxışında tədbirə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Qlazqo Universitetinin Azərbaycan heyətinin üzvü olan Ağamurad Ağayev, Nailə Əhmədova və Zöhrab Əliyevaya xüsusi təşəkkürlərini bildirilib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London



Mədəniyyət