Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rəhbərliyi arasında görüş keçirilib.
Mərkəzdən verilən məlumata görə, qurumun direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Şakarbay Janikulov əməkdaşlıq haqqında saziş imzalanıb.
Saziş çərçivəsində universitet nəzdində Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzinin yaradılması nəzərdə tutulub. Yeni mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, dili və ədəbiyyatının öyrənilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında akademik və elmi əməkdaşlığın inkişafı üçün ixtisaslaşmış platforma kimi fəaliyyət göstərəcək. Burada birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, elmi-maarifləndirici tədbirlərin təşkili və gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi planlaşdırılır.
Qeyd edək ki, mərkəz Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin formalaşmasında mühüm rol oynamış görkəmli alim, şair və tərcüməçi Xalid Səid Xocayevin şərəfinə onun adını daşıyacaq.
XQ

